FIBA Avropa Kubokunun əsas mərhələsində bu gün Polşanın "Trefl" komandası ilə qarşılaşacaq "Abşeron Lions"un müdafiəsində bəzi dəyişikliklər ediləcək.


Rekord.az xəbər verir ki, bunu baş məşqçi Erhan Toker klubun mətbuat xidmətinə açıqlamasında deyib.


O, hücumla bağlı problemin olmadığını söyləyib:


"Son oyundan sonra bu matça hazırlıq üçün 2 gün vaxtımız var idi. Müdafiədə bəzi dəyişikliklər edəcəyik. İnşallah, yaxşı nəticə qazanarıq. Hücumla bağlı problemimiz yoxdur. Az xal qazanmırıq. Müdafiəni düzgün təşkil etsək, qələbə şansımız artacaq".


Mütəxəssis Azərbaycanın digər klubu "Neftçi"nin oyununa da toxunub:


"Neftçi" - "Kalev" oyununa gəlincə, "Neftçi"ni təbrik edirəm. Yaxşı oynadılar. Cərimə atışlarını çox qaçırmalarına baxmayaraq, "3-lük" atışlarda yaxşı təsir bağışladılar. Bizim oyun onlara gözəl nümunə oldu deyə düşünürəm. Bir daha təbrik edirəm".


Qeyd edək ki, qarşılaşma bu gün, saat 19:00-da Bakı İdman Sarayında start götürəcək. "Abşeron Lions" ilk görüşdə "Kalev"ə uduzub - 85:93.