Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Emil Əliyevin report-a müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

 

- Əvvəlcə özünüz barədə məlumat verərdiniz...

- 8 yaşımdan bu idman növü ilə məşğul olmağa başlamışam. Məşqçim Oqtay Muxtarov olub. Dəfələrlə respublika çempionu olmuşam. MDB ölkələrinin hərbçiləri arasında keçirilən yarışda 3-cü yeri tutmuşam. Ustad ağırlıqqaldıranlar arasında üçqat olimpiya çempionu və Dünya Kubokunun sahibiyəm. Dünya və Avropa çempionatlarında iştirak etmişəm.

- Bildiyimiz qədərilə, idmançı karyeranızda olimpiadada iştirak şansınız olub...

- Bəli, belə bir hal olub. Milli komandanın üzvü idim, yarışa ciddi hazırlaşırdım. Sadəcə, gedə bilmədim.

- Niyə alınmadı?

- İdmandır, belə hallar olur.

- Yeganə səbəb budur?

- O vaxt vəziyyət başqa cür idi. Artıq həmin hadisə keçmişdə qalıb. Əsas odur ki, o problemlər daha yoxdur. İndi hamı sərbəst məşq edir, heç bir təzyiq göstərilmir. İdmançı güclüdürsə, hər bir yarışda çıxış edir.

- Belə anlaşılır ki, haqqınız olduğu halda, sizin əvəzinizə başqası gedib?

- Yenə deyirəm, əvvəl sistem başqa cür idi. Lisenziya komanda şəklində qazanılırdı. Lisenziya yarışlarında komandaya xal verməmişəm. Çünki həmin yarışlardan öncə milli komandadan kənarlaşdırılmışam. Dediyim kimi, idmanda belə hallar olur.

- Təyinatınızla bağlı nə deyə bilərsiniz?

- Açığı, mənim üçün bir az sürpriz oldu. Belə bir etimad göstəriləcəyini gözləmirdim. Düzdür, xoş sürprizdir. Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, mənə bu cür şərait yaratdılar. Ümidləri doğrultmağa çalışacağam. İnanıram ki, hər şey yaxşı olacaq.

- Son 1-2 ildə Azərbaycan ağırlıqqaldırmasında həm pandemiya, həm də digər səbəblərlə bağlı durğunluq var. Siz də məhz belə bir dövrdən sonra yığmaya baş məşqçi təyin olunmusunuz. Çətin deyil?

- Birinci dəfə deyil ki, millidə işləyirəm. 2016-cı ildən yığmada çalışıram. 2015-2016-cı illərdə yeni komanda yığılmışdı. Üstünlük yeniyetmələrə verilmişdi. Mən də həmin komandada işləyirdim. Nəticələrimiz pis deyildi. 2017-ci ildə Kosovodakı Avropa çempionatında komandamız 2-ci yeri tutdu. 1 il sonra U-15 yığmamız Avropa çempionu oldu. 2019-cu ildə Azərbaycanı dünya çempionatında 5 idmançı təmsil etmişdi və orada 4 kiçik medal qazanmışdıq. Hətta bir idmançımız dünya 3-cüsü olmuşdu. Nəticələrimiz getdikcə yaxşılaşırdı. 2018-ci ildə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Dəmirxan Babayev 2-ci yerə çıxmışdı. 1 il sonra İsraildəki Avropa çempionatında 9 medal əldə etmişdik. Ötən il Dadaş Dadaşbəyli qitə birinciliyində bürünc medala sahib çıxmışdı. Yəni, nəticələrimiz həmişə olub. Durğunluq dövrü yaşanmayıb. Az da olsa, işləyirdik. Sonra pandemiya düşdü, zallar bağlandı. İstər-istəməz fasilə yarandı. Bu il fevralın 19-da federasiyaya yeni rəhbərlik seçildi. Bundan sorna yeni nəfəs və güclə fəaliyyətə başladıq.

- Qarşıdakı yarışlara hazırlıq necə gedir?

- Gördüyünüz kimi, təlim-məşq toplanışındayıq. Albaniyanın paytaxtı Tiranadakı Avropa çempionatında Azərbaycanı Dadaşbəyli təmsil edəcək. Mayın 25-də yola düşəcəyik. V İslam Həmrəylik Oyunlarında isə normal komanda ilə iştirak edib, özümüzü göstərəcəyik.

- Ümumiyyətlə, pandemiyadan sonra ağırlıqqaldırmada mənzərə necədir?

- Bütün idman növlərində olduğu kimi, hər şeyə yenidən başlayırıq. Ona görə bir az çətindir. Amma şərait var, hazırlaşırıq. Düşünürəm ki, yaxşı olmalıdır.

- Qarşınıza hansı hədəflər qoyulub?

- İlk növbədə, bu idman növünü inkişaf etdirməliyik. Həmçinin, sağlam nəsil böyütmək və yarışlarda uğurlu çıxışla ölkəmizi layiqincə təmsil etmək lazımdır. Başqa hədəf yoxdur.

- Son illər ağırlıqqaldırmada dopinq qalmaqalları çox oldu. Bu cür problemlərdən sonra idmançıların mənəvi-psixoloji durumu necədir?

- Biz dopinqə "yox" demişik. Qadağan olunmuş maddələrdən istifadə edənlər sıralarımızda ola bilməz. Bunun adını belə, çəkmək istəmirik. Bizdə artıq bu problem yoxdur və olmayacaq. Uşaqlar da başa düşürlər ki, dopinqsiz uğur qazanmaq mümkündür.

- Necə düşünürsünüz, idmançıların dopinqə ilişməsi onların özündən, yoxsa məşqçilərindən qaynaqlanır?

- Fikrimcə, bu, ilk növbədə savadsızlıqdan irəli gəlir. İkincisi, ehtiyatsızlıqdan ola bilər. Hansısa dərmanın tərkibində olur, idmançılar da ondan istifadə edirlər. Bəzən, uğur qazanmaq üçün də bu yola əl atırlar. Hazırda dopinqə qarşı çox sərt cəzalar var. Kimdə aşkarlanırsa, həmin adam idmandan kənarlaşdırılır. Bu isə idmançı üçün ən böyük cəzadır. İlk dəfə dopinqə düşən idmançı 4 illik diskvalifikasiya olunur. Sanki həyatının bir parçasını ondan qoparıb alırlar. Ağıllı idmançı dopinqə əl uzatmaz.

- Bayaq qeyd etdiniz ki, dopinqə "yox" demisiniz. Bunu necə tənzimləməyi düşünürsünüz? İdmançıya məşq vaxtı nəzarət etmək olar, amma onun kənarda nə etdiyini heç kim bilə bilməz. Bununla bağlı konkret olaraq, hansı addımları atırsınız?

- İdmançıları psixoloji söhbətlər aparırıq. Bundan başqa, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) var. Tez-tez idmançılarımızı yoxlayır, profilaktik söhbətlər edirlər. Hamıya lazımi məlumatları çatdırırıq.

- Nə vaxtsa, bu idman növündə dopinq qalmaqallarının azalacağı ehtimalı varmı?

- Ümumiyyətlə, dopinqlə bağlı qalmaqal olmamalıdır, ehtimal sıfıra enməlidir.

- Sizcə, Azərbaycan ağırlıqqaldıranları beynəlxalq arenada əvvəlki nüfuzu bərpa edə biləcəklərmi?

- Bunun üçün bir az vaxt lazımdır. Amma fikirləşirəm ki, olacaq. Bəlkə də əvvəlkindən daha çox uğur qazanacağıq. Ümid edirəm ki, nəticələrimiz bizi utandırmaz.

- Bu gün milli komandada Dadaş Dadaşbəyli kimi istedadlı idmançı var. Gələcəkdə uğur gözlədiyiniz başqa hansı ağırlıqqaldıranların adlarını çəkə bilərsiniz?

- Açığı, heç kimi tərifləmək istəmirəm. Düşər-düşməzi ola bilər. İdmanda hər şey baş verir. Bu gün yaxşıdır, sabah pis olma ehtimalı da var. Qoy, uşaqlar yarışlara çıxsınlar, ondan sonra bütün adları açıqlayacağıq.

- Gələcəkdə milli komandaya legioner idmançı dəvət etmək fikriniz var?

- Xeyr. Öz idmançılarımızı yetişdirmək istəyirik. Məncə, bizə legioner lazım deyil. Çünki öz uşaqlarımızın potensialı yüksəkdir. Güclü ağırlıqqaldıranlarımız var. Onlarla işləyib, yaxşı nəticə verəcəyik.

- Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan ağırlıqqaldıranı görə biləcəyik?

- Çalışacağıq ki, olsun. İstərdik ki, olimpiadada normal çıxış edək.

- Bunun üçün nə lazımdır?

- İşləmək, məşq etmək və hazırlaşmaq. Ən əsası isə nizam-intizamdır.

- Qazaxıstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov da bu yaxınlarda dopinqə görə cəzalandırıldı. Buna münasibətiniz necə oldu?

- Təəssüf ki, belə bir idmançı Azərbaycandan getdi. Ondan böyük təəssüf isə odur ki, dopinqə ilişdi və medalı əlindən alındı. Azərbaycan adından çıxış etməsə də, bizim idmançıdır, onunla fəxr edirik. Çox heyf ki, belə bir hadisə baş verdi.

- Yeni nəslin üzə çıxarılması ilə bağlı əsas fəaliyyətiniz nədən ibarətdir?

- Federasiya rəhbərliyi klub sisteminə keçmək istəyir. Hər bölgədə bir klubun yaradılması planlaşdırılır. Klublar açılandan sonra məşqçilər dəvət etmək niyyətindəyik. Fikrimcə, bu, ağırlıqqaldırmanın inkişafına da təkan verəcək.

- Bu idman növündə mütəxəssis çatışmazlığı hiss olunur. Bunu necə aradan qaldırmağı düşünürsünüz?

- Seminarlar keçirmək, bu yaxınlarda idmandan uzaqlaşan ağırlıqqaldıranlarımızı məşqçi kimi yığmaya dəvət etmək istəyirik. Hətta onları milli komandanın təlim-məşq toplanışlarına cəlb etmək fikrindəyik ki, gəlib təcrübə toplasınlar. Bu yolla kadr problemini həll etmək istəyirik.

- Bəs, federasiyanın yığmaya əcnəbi mütəxəssis cəlb etmək fikri varmı?

- Düşünürəm ki, ehtiyac yoxdur. Bu gün məşqçilərin işi məni qane edir. Onlarla çiyin-çiyinə işləyib, yaxşı nəticələr qazana bilərik.