
“Azarkeşlərimiz qarşısında utanırıq” - Berdıyev
- 10 May 2025 22:20
- 27
“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 34-cü turunda “Neftçi”ni qəbul edib.
Rekord.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı “Neftçi”nin qələbəyə layiq olduğunu bildirib:
“Ümumilikdə, “Neftçi” qələbəyə layiq idi. Müdafiəmizdəki səhvlərdən yararlanıb qollar vurdular. “Neftçi”ni ümumi dəyərləndirsək, yaxşı seçilmiş oyunçulardan ibarət komandadır.
Güman edirik ki, 4-cü pillədəki yerimizi itirməyəcəyik. Amma azarkeşlərimiz qarşısında utanırıq.
Hakimliklə bağlı danışmaq istəmirəm. Çünki artıq mən çox şeyləri başa düşə bilmirəm. Əsas məsələlərdən biri odur ki, biz çox rahat qollar buraxırıq.
Orxan Əliyev yoruldu, ona görə dəyişdik. Və ehtiyatda da hücumçumuz yoxdur. Ola bilər ki, bu bir az bəhanə kimi səslənsin, amma Jo və Millerin yoxluğu hiss olunur.
Komanda avrokuboklara vəsiqə qazansa, bu heyət yetərli deyil. Neçə faiz heyət dəyişməlidir, onu mən deyə bilmərəm. Bunu klub prezidenti daha yaxşı bilər. İstənilən halda, axtarışlarımız olacaq”.