
Messinin penaltisini qaytaran qapıçı yenidən Azərbaycana gəlmək istəyir: bu dəfə rejissor kimi
- 22 Mar 2022 12:35
- 500
"Qarabağ"ın sabiq qapıçısı Hannes Halldorsson ötən həftə karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, bu barədə 38 yaşlı qolkiper öz "Twitter" hesabında məlumat yayıb.
İslandiyalı paylaşımında bildirib:
"31 illik futbol karyeramdan sonra vidalaşmağın vaxtı gəldi. Bu, əsl səyahət oldu. Ailəmə, komanda yoldaşlarıma, məşqçilərimə, bu yolda mənə dəstək olan hər kəsə təşəkkür edirəm".
Hannes Halldorsson 2019/2020 mövsümündə "Qarabağ"da çıxış edib. Son olaraq ölkəsində "Valur"un formasını geyinib.
O, İslandiya millisinin heyətində 74 matç keçirib. DÇ-2018-də Argentina millisinin ulduzi Lionel Messinin penalty zərbəsini qaytarmaqla məşhurlaşıb.
İslandiyalının əlcəklərini mıxdan asmasına "Qarabağ"dakı sabiq komanda yoldaşları da biganə qalmayıb.
Ağdam klubunun bir neçə futbolçusu ona mesaj yazaraq, gələcək işlərində uğurlar diləyib, tezliklə görüşməyi arzuladıqlarını bildiriblər.
Hannes da öz növbəsində rejissor kimi peşəkar fəaliyyət göstərməyi planlaşdırdığını, günlərin birində Azərbaycana səfər edərək, burada çəkiliş aparmaq niyyətində olduğunu söyləyib.