
Məşqçi işi və bizim istədiyimiz milli
- 00:11
- 52
Ayxan Abbasovun oyun üçün start düzülüşünü 5-4-1 kimi qiymətləndirmək olar. Müdafiəyəmeylli heyət qurulsa da, forma baxımından optimala yaxın oyunçulardan qurulmuşdu. Koreyada daimi əsas heyət oyunçusu olan və yaxşı oyunu ilə seçilən Anton Krivotsyuk nəhayət, şans qazanmışdı. Sağ cinahda da formada olan Qismət Alıyev yer almış, orta xəttin dayaq zonasında Abdulla Xaybullayev yerləşmiş, sol cinaha isə Rüstəm Əhmədzadə keçmişdi. Sağda isə bir ara oynadığı sağ vinger mövqeyində isə Mahir Əmrəli şans qazandı. Hücumun sivri ucunda isə Renat Dadaşov oynayır, arxadan təcrübəli Emin Mahmudov qurmağa çalışırdı. Sürətli və texnikalı futbolçulardan təşkil olunan rəqib komandaya qarşı effektiv yol çox yaxın oynamamaq, müdafiədə səhv yol verməyərək cinahlardan irəli çıxmaq idi. Ümumilikdə bu plan işlədi.
Oyunun startını qonaqların aktivinə yazmaq olar. Sürətli paslaşmalarla orta və arxa xəttimizi keçməyi bacarır, boşluqlar əldə edir, onlardan yararlanmağa çalışırdılar. Elə başlanğıcdaca bu effektini verdi, Mustafazadə qaydanı pozdu, hakim əvvəlcə tərəddüd etdi, sonra penalti nöqtəsini göstərdi. VAR-ın müdaxiləsi xeyrimizə işlədi. Birinci hissənin ortalarına qədər təzyiq altından çıxmaqda çətinlik çəkdik. Xüsusilə Sudakovun oyunu daha yaxşı alınırdı, daha təhlükəli zərbələrlə yadda qalırdı. Fasilədən sonra fərqlənməsini də bu əməyinin mükafatı kimi qiymətləndirmək olar. Millimiz təxminən 25-30-cu dəqiqələrdə nəfəs dərmək imkanı əldə etdi və həmin məqamlarda hücuma çıxmaq, rəqibi sıxmaq şansları qazandı. Göründü ki, imkan düşəcəyi halda bunu tabloda əks etdirmək mümkün olacaq. Ümumilikdə isə birinci hissədə Ukraynanın topu özündə saxlamaqdan başqa xüsusi təhlükə yaşatmadığını söyləmək olar.
İkinci hissə də eyni tempdə başladı. Sadəcə rəqibin heyətindəki oyunçuların keyfiyyəti daha yüksək olduğundan, bəxt üzümüzə çox gülə bilməzdi. Sudakovun qolu və ardınca da davam edən basqı Ayxan Abbasovu dəyişikliklərə getməyə məcbur etdi. Hücum xətti tamamilə yeniləndi, Cəfərquliyevə daha çox irəli getmək tapşırığı verildi. Toral Bayramovun əvvəlcə sol cinahda başlaması, sonradan sağa keçirilməsi də bu təzyiqin artırılması, rəqibin 2-ci mərtəbədəki üstünlüyünün də azaldılması məqsədi güdürdü. Bu plan da işlədi və Elvin-Toral tandemi penaltini gətirdi. Bütün gücünü ortaya qoyan Eminin 21 illik rekordu yeniləməsi ayrı söhbətin mövzusudu, bu barədə danışmağa hələ vaxtımız olacaq. Həmin dəqiqə əsas olan hesab idi ki, orda da bərabərlik təmin olunmuşdu. Bundan sonra arxaya çəkilmək, nəticəni qorumaq və əks-hücumlara bel bağlamaq qalırdı. Bir də əzmkarlıq və döyüşkənlik. O da var idi.
Ayrı fərdlər üzərindən getsək, iki oyundu Şahruddin əla oynayır. Bəli, bunu mənim dilimdən, ən böyük tənqidçisi olan şəxsdən eşidirsiz. Tənqid etdiyimiz qədər tərifini də deməliyik. Etibarlı, əsl qapıçı etibarlılığıyla oynadı. Müdafiədə Bəhlul yaxşı deyildi, əvəzində Bədəlov çox yaxşı göründü, səhv buraxmadı. Krivatsyukun qayıdışı onu oynatmayan məşqçinin bizi nələrdən etdiyini göstərdi. Anton əla idi, təcrübəsini, formasını gözəlliyi ilə ortaya qoydu. Qismət bacardığını etdi, startda boşuna güvənilmədiyini göstərdi. Cəfərquliyev 90 dəqiqə həm döyüşdü, həm də fəallığıyla komanda yoldaşlarını ruhlandırdı, üstəlik, qolumuzda da iştirak etdi.
Xaybullayev... Ayxan Abbasovun tapıntısı deyək bu adama. Meydanda müsbət mənada "quduz it" kimi bütün nöqtələrdə peyda oldu. Hər yerdə vardı adam. Çoxdandı belə şey görmürdüm. Oyundan sonra məşqçi də dedi ki, bu gün çempionatımızda o mövqedə ondan yaxşısı yoxdu. Həqiqətən də belədi. Santuşun çempionat oyunlarına sadəcə kofe içməyə getməsinin sübutudu Xaybullayev.
Elə Əhmədzadə də. Sən liqanın ən formada olan oyunçularından birini yığmaya necə dəvət etməyə bilərsən? Milli təcrübə yeri deyil. Orda bu gün kim fornadadısa, o da oynamalıdı. Milli ən yaxşıların yeri, piramidanın zirvəsidi. Milliyə məhz bu gözlə baxmaq lazımdı.
Renatla Mahirin oyunları alınmasa da, xeyir verməyə çalışdılar. Nuriyev də faydalı ola bilmədi, onun yerinə Ozancan oynasaydı, daha səmərəli olardı. Musa isə mərkəz hücumçusu mövqeyində yaxşı olduğunu xatırlatdı.
Və Ayxan Abbasov... 24 saat ərzində bir məşqçi nə edə bilərsə, maksimumunu, ondan da artığını etdi. Düzdü, oyun baxımından xüsusi nə iləsə yadda qalmadıq, bunu etiraf etmək lazımdı. Ancaq əslində bu asan da deyildi. Bizə zarafat gəlməsin, rəqib Ukraynadı. Heyətində nəhəng klubların təmsilçiləri var, böyük futbol ölkəsinin komandasıdı. Bu komandaya qarşı autsayder Azərbaycanı hazırlamaq, döyüşməyi, mübarizəni aşılaya bilmək, ruh yüksəkliyini təmin etmək öz-özlüyündə böyük uğurdu. İşinin öhdəsindən gəldi. Sadəcə əhsən demək, təbrik və təşəkkür etmək olar.
Bu matç bu günə qədər dediklərimizi artıqlamasıyla sübut etdi. Millidə milli ruh olduqca, meydanda hər qarış üçün mübarizə apardığımızda biz heç kimə asan təslim olmayacağıq. Zirvələri fəth edən deyilik, amma ora doğru qısa addımlar da olsa, addımlaya bilərik. Mümkünsüz heç nə yoxdu.
Kənan Məstəliyev
Yazar haqqında
