“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, bu gün Plzendə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hamımızın məqsədi yaxşı nəticə göstərərək, qrupa düşməkdir. Bu gün belə şansımız var. Rəqib də eyni fikirdədir. Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq. Rəqib də istəklidir. Futbolçularıma inanıram. Ən yaxşı oyunlarımızın birini göstərməyə çalışacağıq”.

50 yaşlı mütəxəssis Bakıdakı matçda yaxşı qol şanslarının olduğunu bildirib: “Viktoriya”da standart vəziyyətlər təhlükəli oldu. Xırda detallar üzərində danışmışıq. Epizodları futbolçularıma göstərmişəm. Sabah daha dəqiq oynamaq və rəqibin hücumlarının qarşısını almaq üçün diqqətli olmalıyıq".

O, Maksim Medvedevlə Kevin Medinadan başqa, bütün oyunçuların sağlam olduğunu söyləyib: "Hamı oyuna hazırlaşır. Sadəcə, 2 mərkəz müdafiəçisi olmayacaq. Digərləri ilə bağlı problem yoxdur".

Sabah Plzendə keçiriləcək "Viktoriya" - "Qarabağ" matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək. Bakıda keçirilmiş ilk oyun qolsuz bitib.