
Məntiqsiz seçim, kənar qalan "Qəbələ"lilər
- 23 Mar 2022 11:00
- 840
Millinin siyahısı yenə müzakirələrə yol açdı. Bu cür müzakirələr hər zaman olub, bu mənada normal hesab etmək olar. Amma normal hesab edilməyəcək məqamlar da var. Renat Dadaşov-Dmitri Nazarov tandemindən hiss olunur ki, məlum şəbəkə yenə iş başındadır. Əks halda Portuqaliya çempionatının zirzəmisində sürünən bir komandanın ehtiyat oyunçular skamyasında əyləşən, sonuncu dəfə nə zaman qol vurduğunu heç özü də xatırlamayan biri ilə Almaniyada III Bundesliqaya yuvarlanmağın astanasında olan birinin millinin düşərgəsində nə işi var? Həm bu, o Nazarovdu ki, dünyanın dinc vaxtı futbolçu karyerası ərzində yuxusunda görmədiyi pulları məhz Azərbaycan millisidə qazansa da, koronavirus dönəmində pandemiyanı bəhanə edib milliyə gəlməkdən imtina etmişdi. Başa düşürəm, Avropada oynayırlar, Portuqaliyanıb autsayder komandasında oynamaq, Almaniyanın II Bundesliqasında forma geyinmək bizim 8 komandalı "Bakı çempionatı"ndan daha üstündür, amma heç olmasa, normal oynayıb, normal qol vurasan da. Renat "Tondela"nın heyətində Portuqaliya çempionatının cari mövsümündə cəmi 2 qol vurub onun da sonuncusunu 2021-ci ilin sentyabrında. Yəni adam 6 aydır qol vurmursa, nə dəxli var, Portuqaliyada oynayır, yaxud Almaniyada. Fakt 6 aydır qol vurmur vəbuna rəğmən milliyə çağırılır. Peşəkarlıqdan danışırıqsa, burda məntiq yoxdur axı.
Diqqət çəkən əsas məqam cari mövsümün sürpriz komandası olan "Qəbələ"dən milliyə cəmi bir futbolçunun çağırılmasıdır. Güman ki, Şahruddinlə, Emil Balayevin zədə problemi olmasaydı, heç Nicatı da çağırmayacaqdılar. Çox yaxşı mövsüm keçirən Rövlan Muradov niyə millidən kənar qalmalıdır? Adam oyunu ilə, vurduğu qollarla bunu haqq edir. Cərimə zərbələrindən vuruduğu qollar onun xüsusi bacarığından xəbər verir. Ki, hazırda Azərbaycan millisində bu bacarığa sahib birisi yoxdur. Elədirsə, məqsəd nədir? Eləcə də Ülvi İsgəndərov. Hazırda bombardirlər yarışında yer alan 8 futbolçu arasında iki yerlidən biridir. Nəzərə alsaq ki, qollarının hamısını meydançaya daxil olandan sonra vurub, demək ki, işindəki keyfiyyət əmsalı da yüksəkdir. Niyə ona millidə şans verilmir? Uzun müddətdir futboldan uzaq qalan Bədavi Hüseynovun əvəzinə Murad Musayevi çağırmaq daha məntiqli olmazdımı? Cari mövsümün sürpriz və medallar uğurunda mübarizə aparan komandasının əvəzedilməz futbolçularındandır. Höccət Haqverdi hansı oyunu ilə millini haqq edir, buna bir məntiqli cavab var? Belə çıxır ki, AFFA-nın çətiri altında deyilsənsə, hətta lider də olsan, səndən milliyə futbolçu çağırılmayacaq?
Anar XANLAROV