"Real"dan ayrılan Marselonon 12 nömrəli formasının yeni sahibi məlum olub. 

Rekord.az xəbər verir ki, bu, Alvaro Odriozoladır. 2022/23 mövsümündən etibarən 12 nömrəli formanı ispaniyalı oyunçu geyinəcək.

Geridə qalan mövsümü icarə əsasında "Fiorentina"da keçirən 26 yaşlı sağ cinah müdafiəçisi daha əvvəl Madrid təmsilçisində 19 nömrəli forma ilə oynayıb.

Qeyd edək ki, Alvaro 2018-ci ildən "Real"ın futbolçusudur. 

Xatırladaq ki, Marselo iyunun 13-də La Liqa klubu ilə vidalaşaraq komandadan ayrılıb. O, 15 il müddətində "Real"da oynayıb. Braziliyalı müdafiəçi "kral klubu"nun heyətində ümumilikdə 545 matça çıxıb, 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Klub tarixində ən çox - 25 titul qazanan futbolçu İspaniya çempionatında 6, kubokda 2, Superkubokda 5 uğura sevinib. O, 5 dəfə Çempionlar Liqasında, 3 dəfə UEFA Superkubokunda, 4 dəfə klublararası dünya çempionatında qalib olub.