"Bavariya"nın keçmiş baş direktoru Karl-Haynz Rummeniqqe klubun yeni transferləri Sadio Mane və Matteys de Liqt barədə fikirlərini bölüşüb. 

Rekord.az xəbər verir ki, 30 yaşlı hücumçu və 22 yaşlı müdafiəçinin dünya səviyyəli oyunçular olmadıqlarını bildirib: 

“Niyə hamı Həsən Salihamidziçi və şirkəti yay transferlərinə görə tərifləyir? Düzünü desəm, mən bu şadlıq xoruna qoşula bilmirəm. Sadio Mane və Matteys de Liqtə hörmətlə yanaşsam da, onlar mənim üçün dünya səviyyəli oyunçular deyil. Əlbəttə, Mane Bundesliqada yaxşı oynayacaq və öz qollarını vuracaq. Lakin Manenin 30 yaşı var və onun yüksək səviyyə olduğunu düşünmürəm. Əgər belə olmasaydı, Yurgen Klopp onu "Liverpul"da saxlamaq üçün daha çox mübarizə aparardı. Mən de Liqtə daha çox şübhə ilə yanaşıram. Təbii ki, onun cəmi 22 yaşı var. Ancaq "Yuventus"da 3 mövsüm onun üçün vaxt itkisi idi. "Ayaks"da karyerasına inanılmaz bir başlanğıcdan sonra inkişafını davam etdirə bilmədi. Düşünürəm ki, onu "Bavariya"nın müdafiəsinin lideri elan etmək çox cəsarətlidir".

Qeyd edək ki, "Bavariya" Mane ilə 3 illik, de Liqt ilə isə 5 illik müqavilə imzalayıb.