Macarıstan mediası Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Ferentsvaroş” – “Qarabağ” matçına (1:3, ilk oyun 1:1) geniş yer ayırıb.

Rekord.az xəbər verir ki, demək olar, bütün yazılarda Budapeşt təmsilçisinin məğlubiyyətindən təəssüf ifadə olunub.

“Qonaqlar matça daha cəsarətli başladılar. “Ferentsvaroş” mərkəz xəttini keçə bilmirdi. “Qarabağ”ın yüksək pressinqi 7-ci dəqiqədə onların qol vurmasına səbəb oldu” - deyə “M4sport” yazıb.

csakfoci.hu saytı isə bunları qeyd edib: “Ferentsvaroş”un müdafiədəki kobud səhvi komandanın ÇL-dən çıxmasına gətirib çıxardı. “Qarabağ” “Ferentvaroş”un müdafiəsini parça-parça elədi”.

“Magyar Nemzet” nəşri isə müdafiənin bərbad, hücum xəttinin isə qətiyyətsiz olduğunu yazıb.

“Nemzety Sport” nəşri “Çempionlar Liqası arzusu bitdi. “Ferentvaroş” evdə “Qarabağ”a uduzdu” başlıqlı yazıda Ağdam klubunun rəqibini bütün göstəricilərdə üstələdiyini qeyd edib: “Heç bir şübhə yoxdur ki, ən yaxşı və ən güclü komanda növbəti mərhələyə adladı. Burada onlar ÇL-in qrupuna düşmək üçün “Viktoriya” ilə yarışacaqlar. “Yaşıl-ağlar” isə Avroliqanın qrupunda oynamaq üçün iki görüş keçirməlidirlər. Belə görünür ki, Avropanın ən yaxşı turnirində yarışmaq hələ “Ferensvaroş”un səviyyəsi üçün deyil”.

“Nevzava” nəşri isə təəccüblü yazır: “Məgər buna görə Macarıstan çempionatındakı oyun təxirə salındı?” Yazıda Qurban Qurbanovun komandasının oyunu barədə müsbət fikirlər yer alıb.

Media yazılarda “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesovun da fikirlərini işıqlandırıb.

“Bu gün meydanda görünmədik. Start fitindən sonra matça lazım olan kimi daxil olmadıq, hər şey planlaşdırdığımız kimi getmədi. Daha dominant rəqibə uduzduq. Bu, layiqli məğlubiyyət idi” – deyə “Oriğo” saytı yazır.

Komandanın kapitanı Denes Dibus isə deyir: “Erkən qol oyun planımızı pozdu. Amma biz oyundan belə tez qopmamalı idik. Bilirdik ki, onların ən kiçik səhvlərdən də ustaca yararlanan futbolçuları var. Buna baxmayaraq, çoxlu kobud səhvlərə yol verdik ki, “Qarabağ” da bundan istifadə etdi. İki oyunun nəticəsinə əsasən, ən yaxşı komanda növbəti mərhələyə adladı. Bugünkü oyun göstərdi ki, biz isə Çempionlar Liqasının qrupunda oynamağa hazır deyilik”.

Rusiyanın “Sport-ekspress” qəzeti isə yazır ki, matçdan sonra “Ferentsvaroş”un sosial media səhifələrinə girməmək yaxşı idi: “Hər yer yeni şərhdə macar dilində söz tapmaq  mümkün deyildi. Yazanlar ancaq “Qarabağ”ın azarkeşləri idi. “İrəli, “Qarabağ”, “Qurban Qurbanov Qafqazın ən yaxşı məşqçisidir”. Şəkillər altında ən geniş yayılan fikirlər bunlar idi”.