"Qarabağ" Çempionlar Liqası I təsnifat mərhələsində Polşanın "Lex" kliubunu mübarizədən kənarlaşdırıb.

Rekord.az xəbər verir ki, matçdan sonra Poznan təmsilçisinin yarımmüdafiəçisi Radoslav Murovski klubun rəsmi saytına açıqlama verib.

O, böyükhesablı məğlubiyyətin xoş olmadığnı deyib:

"Yaxşı bilirik ki, biz indi hamı üçün ən pisik. Hər kəsin belə düşünmək hüququ var. Bununla belə, biz müsbət düşünməliyik, müsbət tərəflər axtarmalıyıq.

Çempionlar Liqası arxada qaldı, indi Konfrans Liqasında oynayacağıq, ona görə də bu yarışda ürəyinizi verməliyik.

İnanın ki, paltardəyişmə otağında futbolçuların hər biri bu gün və ya sabah başqa bir matç oynamaq istərdi.

Təəssüf ki, biz bunu gözləmək məcburiyyətindəyik. Beş qol buraxdıq. İstər 1:3, istərsə də 1:5 hesabı ilə uduzsaq da, yenə də mübarizədən kənarda qalacaqdıq.

Beş qol buraxmaq heç də xoş deyil. Amma bu, həm də bizim hansı komanda olduğumuzu, xarakterimizin necə olduğunu və bu matçdan sonra necə ayağa qalxacağımızı göstərəcək".

"Qarabağ" ilk matçda 0:1 hesabı ilə uduzduğu "Lex"i cavab görüşündə 5:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb.