
“Legiya” - Mahir Emreli çəkişməsinin şok detalları
- 08 Okt 2022 17:00
- 468
Məlum olduğu kimi, FİFA millinin futbolçusu Mahir Emrelini cəzalandırıb.
Rekord.az xəbər verir ki, bu barədə 25 yaşlı hücumçunun sabiq klubu Polşa "Legiya"sının hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski “tvitter” səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, hazırda Zaqreb "Dinamo"sunda çıxış edən forvard Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub. Həmçinin FİFA-nın Futbol Tribunalı Emrelinin "Legiya"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb. Bildirilib ki, borcunu qaytarana qədər onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.
Ortada borc varsa, Mahir bu pulu ödəməyibsə, deməli, məsuliyyətsizlik edib, günahkardı. Belə olmasaydı, FİFA futbolçunu cəzalandırmazdı. İndiki halda onun “Legiya”ya borcunun hansı səbəbdən yarandığı sual doğurur. Qarışıq məqamlar çoxdu. Məsələyə aydınlıq gətirmək üçün idman hüquqşünası Elcan Həsənli ilə əlaqə saxladıq:
“FİFA-nın Mübahisələrin Həlli Palatasının 3 avqut 2022-ci il tarixli qərarına əsasən deyə bilərik ki, Mahir Emreli ilə “Legiya” arasında olan müqavilə 2022-ci il fevralın 2-də ləğv olunub. Həmin anlaşmaya görə, azərbaycanlı futbolçu fevralın 7-nə kimi 700 min avro ödəməli idi. Noyabra kimi isə klubun hesabına hər ayın 15-dək 25 min avro köçürməliydi. Mahir bunu müqavilənin ləğvi üçün etməli idi. Lakin ödəmələrdə gecikmə olur. Belə ki, tərəflərin sazişinin 1.6-cı bəndində izah olunur ki, ödənişlərin vaxtı çatanda klub futbolçuya bildiriş göndərir. Pulun verilməsi üçün isə 5 gün vaxt qoyulur. Razılaşmaya görə gecikmə olanda futbolçu qalan bütün borcu ödəməlidi. 50 min manat da gecikməyə görə verməlidi. Bundan əlavə, hər gecikmə dövrü üçün 18 faiz cərimə tətbiq olunur. Bu da 1.6-cı bənddə əksini tapıb. Martın 15-də ikinci ödənişi etməsi üçün bildiriş göndərilib. Lakin futbolçu pulu köçürməyib. Aprelin 4-də yenidən 10 gün vaxt verilib ki, borc ödənilsin. Mahir yenə ödəniş etməkdən boyun qaçırıb. Bu səbəbdən də klub mayın 9-da FİFA-nın Mübahisələrin Həlli Palatasına müraciət edib. Onlar yuxarıda qeyd etdiklərimi qurumdan tələb edib. Proses davam edən müddətdə Mahir iyunun 14-də və iyulun 18-də hər dəfə 25 min avro ödəniş edib. Bundan sonra futbolçunun 50 min avro borcu qalıb. Qalan məbləği isə Mahir sentyabr və oktyabrda ödəyəcəyini bildirib. Cərimə ilə bağlı özünü müdafiə etməkdən isə imtina edib. Lakin FİFA-nın Mübahisələrin Həlli Palatası “Legiya”nın şikayətini təmin edib. Onlar bildirirlər ki, Emreli həqiqətən də ödənişi gecikdirb. Bu səbəbdən də 1.6-cı bənddə olan 50 min avro gecikdirmə pulunun ödənilməsini tələb ediblər. Mahir razılaşmada göstərilən 18 faizi də verməlidi. Ümumilikdə isə millimizin üzvünün “Legiya”ya 100 min avro ödəməsi tələb olunur”.
Gördüyünüz kimi, futbolçu ödəniş etmədiyi üçün FİFA belə qərar verib. Bəs bunun həlli yolu nədi? Emreli pulu ödəməsə, nə olacaq? Elcan vəyin cavabı belə oldu:
“Mahir bu qərar açıqlandığı müddətdən sonra 21 gün ərzində İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər. Bundan başqa, bildiriş gələndən 45 gün ərzində ödənişi edə bilər. Bunu etməsə, 6 ay futbolla məşğul olmasına məhdudiyyət qoyulacaq. Yenə ödəniş olmasa, daha ağır cəzalandırılması üçün iş FİFA-nın İntizam Komitəsinə göndəriləcək”.
Qeyd edək ki, Mahir Emreli 2021/22 mövsümünün birinci yarısını "Legiya"da keçirib. 2021-ci il dekabrın 12-də paytaxt təmsilçisi Plotsk "Visla"sı ilə ekstraklasanın 18-ci turunun oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulub. Onlar Emreli ilə Lukinyası döyüblər. Nəticədə azərbaycanlı futbolçu klubdan ayrılmağı qərara alıb və Zaqreb "Dinamo"suna keçib. ("Futbol plus")