Futbol üzrə Nigeriya yığmasının hücumçusu Umar Sadiq İspaniyanın “Almeriya” klubundan ayrılıb.

Rekord.az xəbər verir ki, 25 yaşlı forvard La Liqanın digər təmsilçisi “Real Sosyedad”a transfer olunub.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Real Sosyedad” bu keçidə görə La Liqanın yeni iştirakçısına 20 milyon avro ödəyib. Futbolçunun özü ilə də 6 illik müqavilə imzalanıb.

Umar Sadiq 2020-ci ildən “Almeriya”da çıxış edirdi. O, bu komandanın heyətində 84 oyuna 43 qol vurub. İtaliyanın “Spetsiya” klubunun yetirməsi karyerası ərzində “Lavaqnese”, “Roma”, “Bolonya”, “Torino”, “NAK Breda”, “Reyncers”, “Peruca” və “Partizan”ın da formasını geyinib. O, Nigeriya yığmasında 7 oyuna 1 qol vurub.

Umar Sadiqi “Real Sosyedad”a satan “Almeriya” özü də yeni futbolçularla güclənib. Sözügedən klub “Flamenqo”dan Lazaronu, “Levante”dən Qonsalo Meleronu, “Reyms”dən isə El Bilal Tureni transfer edib.

La Liqa təmsilçisi El Bilal Turenin transferi üçün Fransa klubuna 10 milyon avro ödəyib. 20 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb. “Reyms”in öz yetirməsi olan forvard, bu komandanın əsas komandasında 2020-ci ildən etibarən 70 oyun keçirib, 9 qol vurub. El Bilal Fil Dişi Sahilində dünyaya göz açmasına baxmayaraq, 2020-ci ildən Malinin əsas yığmasında oynayır. O, millidə 13 oyuna çıxıb, 4 qol vurub.

Lazaronun transferi isə “Almeriya”ya 7 milyon avroya başa gəlib. Braziliyadan olan 20 yaşlı hücumçu ilə də 6 illik müqavilə imzalanıb. Gənc forvard “Flamenqo”nun öz yetirməsidir. O, Braziliya klubunda keçirdiyi 62 oyunda 8 qol vurub.

Qonsalo Meleronun transferi üçün isə “Levante”yə 1.9 milyon avro ödənilib. İspaniyadan olan 28 yaşlı futbolçu yeni klubu ilə 4 illik sözləşməyə imza atıb. Madrid “Real”ının yetirməsi olan yarımmüdafiəçi, 2019-cu ildən oynadığı “Levante”də 94 oyuna çıxıb, 17 qol vurub. O, “Ponferradina” və “Hueska”da da forma geyinib.

“Almeriya” 3 fuftbolçusu ilə də yollarını ayırıb. Kurro Sançes azad agent kimi “Burxos”a, Aytor Bunuel isə “Tenerife”ye keçib. Arvin Appya isə “Tenerife”yə mövsümün sonuna kimi icarəyə verilib.