Azərbaycan klublarının Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Rekord.az xəbər verir ki, Avropa futbol qurumu iyulun 18-də keçirəcəyi püşkatma ərəfəsində belə bir addım atıb.

"Neftçi" 2-ci raundda Kipr "Aris"ini üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətinə düşəcək. Bu halda potensial rəqiblər “Tvente” (Niderland), “Molde” (Norveç)/“Elfsborq” (İsveç) cütünün qalibi, “Rapid” (Vyana, Avstriya)/“Lexiya” (Qdansk, Polşa) cütünün qalibi, “Hapoel” (Beer-Şeva, İsrail)/“Dinamo” (Minsk, Belarus) cütünün qalibi və ya “Levski” (Sofiya, Bolqarıstan)/PAOK (Yunanıstan) cütünün qalibi olacaq.

Azərbaycanın digər iki təmsilçisi isə hazırkı rəqiblərini keçməyi bacarsa, 3-cü raundda səpələnmişlər səbətində yer alacaq.

“Zirə” İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, “Rujomberok” (Slovakiya)/“Riqa” (Latviya) cütünün qalibi, “Kızıl Jar” (Petropavlovsk, Qazaxıstan)/“Osiyek” (Xorvatiya) cütünün qalibi, “Vikinqur” (Farer adaları)/"Dunayska Streda" (Slovakiya) cütünün qalibi, “Qzira Yunayted” (Malta)/“Radniçki” (Serbiya) cütünün qalibi və ya "Qomel” (Belarus)/“Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.

“Qəbələ” Macarıstanın “Fehervar” səddini adlaya bilsə, 3-cü raundda “Panatinaikos” (Yunanıstan), “Sepsi” (Rumıniya)/“Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi, “Vlajniya” (Albaniya)/“Universitatya Krayova” (Rumıniya) cütünün qalibi, “Koper” (Sloveniya)/“Vaduts” (Lixtenşteyn) cütünün qalibi və ya “Petrokub-Hinçesti” (Moldova)/“Laçi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

İyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Daha əvvəl "Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərində azalma baş verib. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv İsveçrə "Sürix"ini üstələyəcəyi halda, səpələnmişlər səbətində yer alacaq və "Ludoqorets" (Bolqarıstan)/"Şemrok Rovers" (İrlandiya) cütünün qalibi, "Ferentsvaroş" (Macarıstan)/"Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi və ya Kiprin "Apollon" (Limassol) klubuna rəqib olacaq.

"Qarabağ" "Sürix" səddini keçə bilməsə, mübarizəni Avropa Liqasında Çempionlar Yolunda davam etdirəcək. Saat 15:00-da başlanacaq püşkatma zamanı 10 cütün heç biri səbətlərə bölünməyəcək. Yalnız "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütü istisna olmaqla, 8 cütdən birinin məğlub komandası potensial rəqib olacaq:

"Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya)
"Dinamo" (Zaqreb, Xorvatiya) / "Şkupi" (Şimali Makedoniya)
HJK (Helsinki, Finlandiya) / "Viktoriya" (Plzen, Çexiya)
"Linfild" (Şimali İrlandiya) / "Bodo Qlimt" (Norveç)
"Jalgiris" (Litva) / "Malmö" (İsveç)
"Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya)
"Maribor" (Sloveniya) / "Şerif" (Moldova)
"Makkabi" (Hayfa, İsrail) / "Olimpiakos" (Yunanıstan)