Klub sayını tələsik yox, ağıllı artırmaq - Yazı
- 13:52
- 51
Böyük ehtimalla, bu yox, gələn yay Premyer Liqada klub sayı artırılacaq. Bu istiqamətdə müəyyən çalışmalara başlanılıb. Ancaq düşünürəm ki, hələ tələsmək lazım deyil bu məsələdə.
Cari sezon göstərdi ki, bizim çempionatın maksimumu 12 komandadır. Çünki ən sadə problem - stadion problemi həllini tapmayınca say artırmaq məsələsi barədə düşünmək belə səhvdir. Biz futbolu oynamaq üçün əvvəlcə onun yerini tikməliyik. Hamını Bakıya, ya da Sumqayıta yığmaqla iş bitmir, yaxşı çempionat qurulmur. Daha 2 mövsüm 12 komanda ilə davam edib, bu müddətdə aşağı liqalardakı durumu düzəltmək lazımdır. Yalnız bundan sonra say artımı haqda fikirləşmək olar.
Biz Premyer Liqaya komanda yox, klub gətirməliyik. Bunlar ayrı-ayrı məhfumlardır. Kimsə 25-30 nəfəri başına yığaraq dəstə düzəldib, bir stadionu da icarəyə götürüb oynayacaqsa, biz buna klub deməyəcəyik, deməməliyik. Say artırmaq yox, olanlara şərtləri sərtləşdirmək, ciddiləşdirmək gərəkdir. İnfrastrukturu yarımçıq, aşağı yaş qrupları dağınıq olan, faktiki uşaq futbolu, peşəkar işçi, texniki heyəti olmayan, loru dildə desək, bu işdə "adlarını yaza bilməyənlər"i elitaya yığmaqla iş getməyəcək. Belələri mümkün qədər uzaq tutulmalıdır.
Əvəzində I Liqa gücləndirilməli, klub sayı orada artırılmalı, həmçinin oranın keyfiyyəti yüksəldilməlidir. Ki, buradan kimsə yuxarıya vəsiqə qazananda nə özü şoka düşsün, nə də başqalarını şoka salsın. Uzun illərdir biz aşağı dəstədə normal klub hazırlaya bilmirik, məcburən gətirib PL-də "adam etməyə" çalışırıq. Bu halda da elitada keyfiyyət düşür.
Tələsmək lazım deyil. Mən də Lənkəranın, Qusarın, Zaqatalanın, Qazaxın böyük futbola qayıdışını istəyirəm, özü də hamıdan çox. Ancaq gəlib, zorla gətirilib yarımçıq geri dönməklərini, dağılmaqlarını da görmək istəmirəm. Bu, daha ağrılı olar hər birimiz üçün.