"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Reyncers"lə matçdan öncə məbuat konfransında bir jurnalisti ələ salıb.

Rekord.az xəbər verir ki, Premyer Liqanın 9-cu turunda "Arsenal"la matçdan (2:3) sonra "mersisaydlılar"ın keçmiş futbolçusu Ditmar Hamann komandanın yorğun göründüyünü, bir qığılcıma ehtiyacı olduğunu deyib. Jurnalist Hamannın bu sözləri ilə əlaqədar Kloppa sual verib. Mütəxəssis jurnalistin sualını cavablandırarkən onu ələ salıb.

Kloppla jurnalistin arasındakı dialoqu təqdim edirik:

Jurnalist: "Arsenal"la matçdan sonra Hamannın "Liverpul"un bir qığılcıma ehtiyacı var" deyə işlətdiyi ifadəni eşitdim. Bu haqda nə düşünürsünüz? 

Klopp: Bunu kim dedi?

Jurnalist: Ditmar Hamann.

Klopp: Ooo, əla. Ələ bir mənbədir. Hər yerdə hörmətlidir.

Jurnalist: O, "Liverpul"un keçmiş futbolçusudur.

Klopp: Bu, sizə hər şeyi demək haqqını vermir. Xüsusən də bir mövzuda öz fikriniz yoxdursa.

Jurnalist: O halda mən sual verirəm. "Liverpul"un qığılcıma ehtiyacı var?

Klopp: Əslində mənə sual vermək üçün Hamannın bu cümləsini istifadə etməyinin düzgün olmadığını düşünürəm. Mənə bir yaxşılıq et və öz sualını ver. Sual verərkən də "qığılcım" sözünü istifadə etməməyə çalış.