"Kəpəz" bu mövsüm Premyer Liqada yerini qoruyarsa belə, növbəti mövsüm böyük ölçüdə ev oyunlarını Gəncədə keçirə bilməyəcək. 

Rekord.az-a daxil olan məlumata görə, bu haqda Fövqəladə Hallar Nazirliyi (FHN) qərar verib.

Düzdür, bu qərar rəsmən açıqıanmayıb. Lakin bizə daxil olan məlumata görə, sözügedən nazirliyin əməkdaşları növbəti dəfə arenaya baxış keçirib və müsbətə doğru heç bir dəyişikliyin olmadığını görüb. Əksinə, durum get-gedə daha da pisləşir, stadion daha da riskli duruma düşüb. Əslində stadion bu mövsüm istifadə üçün məqbul hesab olunmamışdı və komanda ilk turlarda ev oyunlarını Qəbələdə keçirməli oldu. Lakin sonradan klub rəhbərliyinin çoxsaylı xahiş-minnətindən sonra FHN məhdud azarkeş sayı şərti ilə "Kəpəz"ə Gəncədə oynamağa icazə verdi. Lakin bu zaman stadionda qısa müddətdə təmir işlərinə başlanılması ilə bağlı işlərin görüləcəyinə dair vəd verilmişdi. Hətta Gəncə şəhər rəhbərliyi də stadiona baxış keçirib sanki təmirin anonsunu vermişdi. Lakin sonradan hər şey söz olaraq qaldı. Hazırda isə stadionun yenidən qurulması ilə bağlı heç bir söhbət belə getmir. Bir sözlə, problem daha da ciddiləşir. Məsələ tək azarkeşlər və tribuna ilə bağlı yekunlaşmır. Təsəvvür edin ki, jurnalistlərin normal fəaliyyəti üçün adi şərait belə, yoxdur. Yağışlı havada media üçün ayırılmış məkanda nəinki işləmək, heç normal şəkildə dayanıb oyuna baxmaq olmur. Bütün bunları nəzərə alan FHN növbəti mövsüm üçün Gəncə sadionunda oyunların keçirilməsinə qadağa  qoymağa düşünür.