Kəngərli rayonunda yerləşən hərbi hissədə ümumtəhsil məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyunu üzrə muxtar respublika birinciliyinin seçmə mərhələsi keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin açılış mərasimində çıxış edənlər yarış barəsində fikirlərini bildirərək “şahinlər”ə uğurlar arzulayıblar.

Komandalar yarışın əsasnaməsinə uyğun olaraq “Sıra hazırlığı”, “İntellektual müsabiqə”, “Fiziki hazırlıq”, "Mülki müdafiə hazılığı”, “Avtomatın natamam sökülməsi və yığılması” və “Darağa patron doldurulması və boşaldılması” mərhələləri üzrə öz qüvvələrini sınayıblar.

Nəticələrə əsasən Xok kənd tam orta məktəbinin komandası birinci yerə sahib çıxmaqla final mərhələsində Kəngərli rayonunu təmsil etmək hüququ qazanıb. Qıvraq qəsəbə tam orta məktəbi ikinci, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbi üçüncü olub.