Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynov Macarıstanın Sombatxey şəhərində San-Marino yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb. 

Rekord.az xəbər verir ki, gənc futbolçu mövsümün yekun toplanışını dəyərləndirib, komandadakı ab-hava və gələcək planlarından danışıb:

- Mövsüm başa çatdıqdan sonra yay toplanışı keçiririk. Bir qədər çətinliklər var. Artıq bir oyun oynamışıq. Ümumilikdə, bu toplanış Millətlər Liqasına hazırlıq baxımdan çox yaxşıdır. Komandada əla ab-hava hökm sürür. Sabah qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik.

- Toplanışda tam olaraq nə çətin gəlir?
- Bəli, bu bizim işimizdir və gileylənmək günah olardı, lakin mövsümün sonunda yığılmış müəyyən yorğunluq özünü göstərir. Buna baxmayaraq bura tam işgüzar əhval-ruhiyyədə gəlmişik.

- Rəqibin müdafiə olunacağını nəzərə alsaq, sabah hücumlara qoşulacaqsınız?
- Dünya reytinqində bizdən aşağı pillələrdə qərarlaşsalar da, yaxşı komandadırlar. Onların oyununu izləmişik. Asan olmayacaq. Mənim də qol vurmağım yaxşı olardı, lakin ən vacibi komandanın qələbəsidir, çünki bu qələbə bizə çox lazımdır.

- Gələcək klubunuzla bağlı yekun qərar vermisinizmi?
- Bolqarıstanın "Arda" klubu ilə müqaviləm başa çatdığı üçün hazırda azad agent statusum var. Karyeramı xaricdə davam etdirməyi planlaşdırıram. Ayın ortalarına yaxın yeni klubumun adına aydınlıq gələcək. Tələsmək istəmirəm, çünki ən doğru qərarı verməyə çalışıram.