Bu gün milli oynayır. Qələbə gözləyirik.


Gözləyirik, yaxşı eləyirik. Amma düz eləyirikmi, bilmirəm.


Rəqib İslandiyadır. Hələ ilk matçdan öncə yazmışdım ki, bu komandanı udmaq olar, udmalıyıq da. Heç olmasa buna qadir olduğumuzu göstərməliyik. Göstərə bilmədik. Əvəzində onlar bizə 5 top göstərib xal vermədilər. 


Bu gün də eyni sözü təkrarlayıram: biz bu İslandiyanı uda bilərik. Evdə oynayırıq, yol yorğunluğu yoxdur, dəstək də olacaq, azarkeşlər əvvəlkindən daha çox gələcəklər, doğma divarları az da olsa hiss edəcəyik. Məşhur filmimizdə deyildiyi kimi, "neyləmək lazımdı? Oynamaq!".


Düzdür, orda toyda oynamaq deyilirdi. Eybi yox, millinin hər oyunu elə toy-bayramdır. Qalır oynamaq.


Yaxşı, bəs kim oynayacaq? Ayxan Abbasovun işi çox çətin olacaq. Legioner limiti elə bir vəziyyət yaradıb ki, nə normal oyun praktikası olan qapıçımız var, nə orta xəttimiz, nə də hücum. Bir az müdafiədə bu baxımdan barmaq basası durum idi, ona da Cəfərquliyevin soyuqdəyməsi mane oldu. Yarımmüdafiədə Eminin oynanama ehtimalı böyükdür. Bu da işin yaradıcılıq tərəfini axsadacaq. Musa Qurbanlı və Mahir Əmrəlinin zədələri alternativ qolçu ümidimizin də üstündən xətt çəkir. Bir sözlə, cənublularımız demiş, "vaveyla"dır.


Lap zədəli olmasaydılar belə, öz komandasında meydana çıxmayan futbolçudan millidə nəsə gözləmək düz deyil. Milliyə hazır, formada olan oyunçu gəlməlidir. Yaşı 40 da olsa, 18 də. Bizdə tərsinədir. Kim ayaq üstə dura bilir, o da forma geyinəcək. Çünki başqa çıxış yolu yoxdur.


Amma yuxarıda yazdıqlarım bəhanə deyil, ola da bilməz. İslandiyaya qarşı start 11-liyi qurmaq çətin olmamalıdır. Ukrayna və Fransa matçlarında sınaqdan keçən heyət və sistemə uyğunlaşan futbolçularımız var. Onlarla döyüşə girmək, uzaqdan gələn qonaqlarımıza məkanın sahibinin kimliyini göstərmək olar. Nə qədər şişirdilsə də, İslandiya elə İslandiyadır və qorxub indidən təslim olmağa ehtiyac yoxdur. Biz qorxduğumuz Parisdə qorxduq, çıldağ olduq artıq. Bəsimizdir. İndi başqalarını qorxutmalıyıq. 


Kiminlə? Kimimiz varsa, elə onunla.


Milli millidir. Burada sənin öz komandanda oynayıb-oynamamağın maneə yox, motivasiya olmalıdır. Ən yaxşı nümunə Xaybulayevdir. Digərləri də ona baxıb məşqçinin onlardan istədiklərini yerinə yetirməyə çalışmalıdırlar. Səbəbi də sadədir: xalqı küsdükləri milliylə barışdırmağın yeganə yolu budur. Bu xalq döyüşən, sahəsindən, yerindən asılı olmayaraq meydanda can qoyanları görür, sevir və yanında olur. Oynamaq, hər qarış üçün mübarizə aparmaq, milləti tribunalara birdəfəlik qaytarmaq lazımdır.


Bacararıq. 


Çünki islandlar şimal döyüşçüləridirsə, biz də cənubun, Odlar yurdunun təmsilçiləriyik. Biz yananda, ətrafa od saçanda güclü oluruq. Bu gün milli həm özü yanmalı, həm də İslandiyanı yandırmalıdır.


Atəşlərini bol edək, qələbəni bayram edək!