Premyer Liqada 12-ci tur geridə qaldı. Öyrəndik ki...


- hazırda çempionatın ön böyük problemi hakimlikdir. Fiaskodurlar. Qərəz-filan söhbətini qırağa qoyuram. Adi oyun qaydalarında elə səhvlərə yol verirlər ki, ümumiyyətlə hakim olmaqlarına şübhə edirsən. Üstəlik, indidən gücləri tükənib. Limitin ləğvi hesabına liqanın tempi azacıq qalxıb, sürətlər çoxalıb. Ona görə də referilərimiz indidən ayaq uydura bilmirlər. Sezonun son 3-4 turuna, hətta Novruzdan sonra əcnəbi hakimlər gətirilsə, təəccüblənməyəcəm.


- hakim səhvləri həm də azarkeş sayına təsir edir, edəcək. Sumqayıtda tribunada yer alan 10 min civarında tamaşaçı yaxşı futbolla yanaşı, referilərin anlaşılmaz qərarları ilə üzləşdilər ki, bu da qarşıdakı matçlarda öz mənfi təsiri mütləq göstərəcək. Meydan sahibləri ölkənin ən güclüsü olan "Qarabağ"la başabaş futbol oynadılar, hətta xeyli vaxt üstələdilər də. Saşa İliç yaxşı komanda düzəldib və bütün oyunları bu cür oynasalar, avrokuboka vəsiqə qazanmaqlarına maneə qalmayacaq.


- Samir Abasov və "Neftçi" barədə heç nə yazmayacam. Əvvəla son qərar hələ qəbul edilməyib, məşqçi rəsmi yola salınmayıb. Salınsa da, salınmasa da həmişə deyilənləri təkrar etmiş olacağıq. Ona görə də sonraya qalsın.


- "İmişli" və onun baş məşqçisi Jorj Kaşkilya barədə isə danışmaq lazımdır. Portuqaliyalı mütəxəssis faktiki yeri-yurdu olmayan, çox qısa müddətdə toplanan heyətlə elitaya qatılan bir komandadan maksimumu çıxartmağı bacarıb. Əhsən! Heç bir bəhanə etmədən, sadəcə işinə köklənərək məhdud imkanlarla da nəticə qazanmağın mümkünlüyünü göstərdi. Mövsümün əvvəlində hamımız bu məşqçi və klub haqqında eyni fikirdəydik, hamımızı da yanıltdılar. Mən təsəvvür edirəm "İmişli" doğma meydanda oynasaydı, indi vəziyyət necə idi. Təki bütün debütantlar belə inadkar olsunlar, çempionata rəng qatsınlar.


- Debütantın biri elə "Karvan"dır. 15 ildən sonra Yevlaxa böyük futbolu qaytaran komanda ilk sınağından üzüağ çıxmağı bacarmadı. Həmçinin də yerli azarkeşlər. Komanda autsayder "Kəpəz"ə məğlub olduğuna, klub təhlükəsizliyi təmin edə bilmədiyinə, tribunadakılar isə hakim və futbolçularına butulka atmaqla sinifdə qalmış oldular. Xüsusilə bu butulka məsələsinə görə onu atanlar tapılıb gələcək cəzanı onlara ödətsələr, bir də belə etməzlər. Etirazlar, istefa şüarlarına normal yanaşıram, təbiidir, olmalıdır. Ki, komanda özündə məsuliyyət hiss eləsin. Ancaq yad əşyalarla ancaq və ancaq ziyan vurmaq olar. 


- Dambrauskasın ara-sıra verdiyi "error"lara bu həftə də şahidlik etdik. Başlanğıcda "Şamaxı" daha yaxşı futbol oynadı, qol epizodları da əldə etdi. Ancaq fasilədən sonra güc tükənincə birdəfəlik müdafiəyə qayıtdılar. Hətta ehtiyat qüvvə olmadığından Ayxan Abbasov yeganə hücumçusunu, ardından da o mövqeyə qoyduğunu da çıxarıb irəlidə tək Edqarı saxladı. "Sabah" bundan da yararlana bilməyərək çox vacib xallar itirdi. 


- Turun ən maraqlı olduğu kimi, ən maraqsız oyunu da Sumqayıtda oynandı. Naxçıvandan başqa ölkənin bütün nöqtələrində oynamış "Araz" ev oyununu bu dəfə "Mehdi Hüseynzadə"də keçirirdi. Biri çox gözəl - Simakalanın qayçı zərbəsi - olmaqla iki qola şahidlik etsək də, oyunun özü xüsusi müzakirəlik heç nə saxlamadı. Sanki hərəyə bir xal tərəfləri qane edirmiş kimi oynadılar, istəklərinə nail olub, "dağılışdılar". Əslində, məntiqsiz də deyillər. Liderlər qrupunda olan rəqiblərdir, uduzmaqdansa, bir xal da yaxşı nəticədir.


- "Kəpəz"in "kinoçəkənləri" yeni ssenari fikirləşsinlər artıq. Komanda elitaya gələndən bir məqşçiylə başlayır, dibə vurur, sonra başqasını gətirib yenə birtəhər işləri toparlayır. Görünən odur ki, bu dəfə də belə olacaq. Müəllimlər, başqa ssenari fikirləşin. Bu maraqsızdır.


- Bütün çatışmazlıqlara baxmayaraq, yaxşı çempionatımız var.