İmişlidə yeniyetmələr arasında futbolun təbliği, həmçinin bu idman növünə olan marağın daha da artırılması və futbolun inkişaf etdirilməsi məqsədilə “Zəfər Yolu” idman klubu yaradılıb.

 

“Zəfər Yolu” idman klubunun baş məşqçisi peşəkar futbolçu Ruhid Usubov "Rekord.az"-a açıqlamasında bildirib ki, klubun fəaliyyəti üçün ilk olaraq İmişli rayon idman kompleksində yer ayrılıb, gələcəkdə isə klubun daha mükəmməl fəaliyyəti üçün baza tikilməsi də nəzərdə tutulub. Hazırda klub tərkibində 10, 11, 12 yaş qruplarından ibarət 3 komanda var. Yeniyetmələrin futbol sirlərinə yiyələnməsi üçün həftədə 3 dəfə məşqlər keçirilir. Məşqlədə 5 müəllim nəzarət edir. Komandalar növbəti mövsümdə AFFA tərəfindən təşkil edilən uşaq futbolu yarışlarına qoşulacaq. Yeniyetmə və gənclərin digər idman növlərindən yararlanması, asudə vaxtlarının səmərəli keçirməklə pis vərdişlərdən uzaq olması üçün klubun gələcəkdə fəaliyyət dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Təsadüfi deyil ki, artıq klubun nəzdində futboldan başqa, basketbol, badbinton, güləş, boks və gimnastika bölmələri də fəaliyyətə başlayıb. Sonda Usubov saytımız vasitəsilə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova da dəstək üçün təşəkkür etməyi unutmadı.