
İlkin Qırtımovun son durumuna aydınlıq gəldi
- 22 İyl 2022 13:45
- 416
"Qəbələ"nin futbolçusu İlkin Qırtımovun Macarıstanda "Fehervar"a qarşı Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda (4:1) ağır zədə aldığını xəəbər vermişdik.
Rekord.az xəbər verir ki, 32 yaşlı müdafiəçi qarşılaşmanın 37-ci dəqiqəsində rəqiblə toqquşmadan sonra yerdə qalmış və dili qatlanmışdı.
Huşunu itirən arxa xətt oyunçusuna ilk yardımı komanda yoldaşı Asif Məmmədov edib.
Kapitanın sayəsində həyati təhlükəsini sovuşdursa da, tam özünə gəlməyən Qırtımov meydançanı xərəkdə tərk edib və Rüfət Əhmədovla əvəzlənib.
İlkin təcili tibbi yardım maşını ilə stadion yaxınlığındakı özəl klinikalardan birinə aparılıb. Ona sistem köçürülüb və 6 saat həkim nəzarəti altında qalıb.
Həkimlər beyində silkələnmə ola biləcəyindən şübhələnsələr də, müyainə müdafiəçinin sağlıq durumunun qorxulu olmadığını göstərib.
Son vəziyyətlə bağlı klubdan əldə etdiyimiz məlumata görə, İlkin özünü yaxşı hiss edir, hər şey qaydasındadır.
Həkimlər futbolçunun komanda ilə Bakıya qayıtmasında da problem görməyiblər.
Artıq qaldığı klinikadan ayrılan oyunçu bir qədər sonra yola çıxacaq komanda yoldaşları ilə vətənə qayıdacaq. (sportinfo.az)