Premyer Liqada 1-ci tur geridə qaldı. Öyrəndik ki...


- Sayca 35-ci olan ölkə çempionatında yarışa 12 komanda ilə start verildi. Bunlardan nominal olaraq 6-sı bölgə, 6-da Abşeron yarımadası təmsilçisidir. 


- İlk turda komandalar start heyətində cəmi 36 yerli futbolçu ilə meydana çıxdılar. Bəzi komandalardakı legionerlərin səviyyəsi o qədər aşağı idi ki, danışmaq, müzakirə etmək də olmur.


- Oyunlarda toplam 13 qola şahidlik etdik.


- 6 matçı tribunadan toplam 9 597 nəfər izləyib. Onun da yarısı Tovuzda. Mənə həmişə təsir edən "Qarabağ"ın ev matçlarıdır. Komandaya nəsə əks bir şey yazanda "damarımı kəssəm qanım ağ-göy axar" tiplilər sosial şəbəkələrdə adama nəfəs aldırmırlar. Amma "gəl bu sevimli damarını tribunadan dəstəklə" deyəndə xətirlərinə dəyir, anormal bəhanələr uydururlar. Növbəti avrokubok matçında isə bilet üçün yenə "mübarizə"yə hazır olacaqlar.


- Tura gəlincə, sürpriz nəticələr qeydə alınmadı. Kim udmalı idisə uddu, bir oyunda bərabəlik gözlənilirdi, orda da bərabərlik oldu. Ümumi mənzərə elə alındı ki, sanki ilk turdan kimin çempionluq, kimin avrokubok, kimin isə elitada qalmaq uğrunda mübarizə aparacağı məlum oldu. Amma bu "sanki"ni indidən dəqiq fikrə çevirməyək. Çempionat hələ təzə başlayıb.


- Sevimli liqamız - Misli Premyer Liqasının startı bayramdır. Bayramımız mübarək!