
“Hər iki oyunda bərabər səviyyədə mübarizə getdi” - Dambrauskas
- 02:26
- 30
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Sloveniya klubu “Çelye”yə qarşı keçirdikləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçından sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, mətbuat konfransında bunları söyləyib:
“Çelye"ni növbəti mərhələyə keçməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, hər iki oyunda bərabər səviyyədə mübarizə getdi. Hesab edirəm ki, Bakıdakı oyunun son saniyəsində buraxdığımız qol yadda qalacaq - çünki bu son saniyədə baş verdi. Bigünkü oyuna gəlincə, yalnız futbolçularımı tərifləyə bilərəm. Onların fədakarlıqlarını, mübarizəsini yüksək qiymətləndirirəm. Çünki meydana çıxdıq və ilk qolu biz vurduq. Bu anda nəsə edə biləcəyimizə ümid vardı. "Çelye" bizə qarşı sürprizlər hazırlamışdı. Xüsusən də topa sahib olduqları epizodlarda. Bu gün bir dayaq yarımmüdafiəçisi ilə oynadılar. Biz qol vurduqdan sonra ilk hissənin əvvəlində vəziyyəti idarə etməkdə çətinlik çəkdik. Sonra taktiki düzülüşümüzü dəyişib boşluqları bağlamağa çalışdıq. Yenə də rəqib sürətli hücumları ilə bizi geri sıxışdırdı. İlk hissədə hesab 1:1 oldu. Amma yenə deyirəm, duran toplardan buraxdığımız qol təəssüf doğurdu. Buna baxmayaraq əvəzetmələrdən sonra daha aqressiv idik və irəli atılmağa çalışdıq. Nəticədə cəmi 2 dəqiqə ərzində 2 qol vurduq. Amma bəzən geri çəkildik, qapımıza yaxın oynadıq. Yaxşı müdafiə olunduq. Əlavə olunmuş dəqiqələrdə hər şeyimizi ortaya qoysaq da bu kifayət etmədi".
Baş məşqçi komandanın göstərdiyi performansı yüksək dəyərləndirib:
"İndi əsas məqsədimiz tez bir zamanda bərpa olmaq, bu matçdan dərs çıxarmaq və inkişaf etməkdir. Bu iki oyunun bizə çox şey öyrətdiyinə inanıram. Növbəti mərhələyə keçməsək də, göstərdiyimiz performansla fəxr edə bilərik. Bu iki matçın verdiyi dərslər gələcəkdə bizim üçün faydalı olacaq".
"Sabah" Sloveniya komandasına iki oyunun nəticəsinə görə məğlub (2:3, 3:3) olaraq UEFA Avropa Liqasında mübarizəni dayandırıb. Paytaxt klubu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Moldova təmsilçisi "Petrokub"la münasibətləri aydınlaşdıracaq. Bu raundun matçları iyulun 24-ü və 31-də oynanılacaq.