"Kocaelispor"un yeni hücumçusu Ramil Şeydayev Türkiyədə jurnalistlərin suallarını cavablandırıb.

Rekord.az xəbər verir ki, bu gün məşqdən əvvəl media nümayəndələrinə açıqlama verən Azərbaycan millisinin 27 yaşlı futbolçusu əvvəlcə Türkiyə I Liqasının son turunda evdə “Eyüpspor”a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. 

"Yaxşı və sürətli oyun oldu. Asmosfer əla idi. "Eyüpspor" üçün çətin oyun alındı. Bunu azarkeşlərimiz sayəsində gerçəkləşdirdik. Çünki rəqib üzərində böyük təzyiq yarada bildilər. Bu, çox xoşuma gəldi" - deyə R.Şeydayev bildirib. 

O deyib ki, "Kocaelispor"a keçməzdən əvvəl bir vaxtlar bu komandada çıxış etmiş, hazırda isə "Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqovla danışıb: "Danışdıq, amma bu, çox uzun söhbət olmadı. Söhbətimizdə əsasən azarkeşlərimizdən bəhs etdi. Çox yaxşı azarkeşlərimiz olduğunu söylədi. Sonra "Kocaelispor"a keçməkdə yekun qərarın mənə məxsus olduğunu dedi. Dedi ki, özün üçün nəyi yaxşı hesab edirsənsə, həmin qərarı ver. Mən də bura gəlməyi üstün tutdum".

Şeydayevin sözlərinə görə, "Kocaelispor"a adaptasiyası asan olacaq: "Çünki burada yaxşı dostluq var. Bundan başqa Türkiyəni də tanıyıram, dilini də bir az bilirəm. Din baxımından da mənə fərqlilik yoxdur. Eyni dinə mənsubuq. Komanda yoldaşlarımla söhbət edərək yaxşı vaxt keçiririk. Mənim üçün hər şey yaxşı gedir".

Şeydayev bildirib ki, növbəti turda "Altay"a qarşı matçda oynamaq istəyər: "Bu, baş məşqçimizin qərarıdır. Onun verəcəyi qərara hər zaman sayğı duyaram. Çempionluq yolunda da addım-addım irəliləmək lazımdır. İndi hədəfimiz Super Liqaya vəsiqə qazanmaqdır. Ora çempion olaraq çıxmaq üçün də addım-addım gedəcəyik. Oyundan-oyuna baxacağıq, bu hədəf üçün cəhd edəcəyik".