
“Hədəf bəllidir: 1/4 final mərhələsinə yüksəlməliyik”
- 13 Yan 2022 13:16
- 435
Futzal üzrə Azərbaycan millisinin mətbuat üçün açıq məşqindən əvvəl təcrübəli qapıçı Emin Kürdov jurnalistlərin suallarını cavablandırıb.
Rekord.az xəbər verir ki, təcrübəli qolkiper bunları söyləyib:
“Yanvarın 5-dən məşqlərə başlamışıq və fiziki hazırlıq üzrə çalışmalara üstünlük verilib. Yanvarın 10-dan isə rəsmi təlim-məşq toplanışındayıq. Ölkə xaricində çıxış edən oyunçularımız da həmin tarixdə komandaya qoşulub. Onlar gəldikdən sonra taktiki və texniki planda çalışmalara üstünlük verildi, standartlar üzərində işləyirik. Komandanın qarşısına qoyulan məqsəd məlumdur: 1/4 final mərhələsinə yüksəlmək.
Ukrayna ilə iki yoxlama oyunu keçirdik. Məğlub olmaq istəməzdik. Ancaq həmin matçlar xeyrimizə oldu. Səhvlərimizi gördük, indi də onlar üzərində işləyirik. Yanvarın 16-da Belçikaya yollanacağıq, ertəsi gün bu ölkənin millisi ilə qarşılaşacağıq. Bu oyun komandanın çempionata nə qədər hazır olduğunu göstərəcək”.