Gəncədə voleybol festivalı baş tutub
- 08 Okt 2026 23:11
- 35
Gəncədə ilk dəfə “Voleybolun nəbzi Gəncədə döyünür!” şüarı altında voleybol festivalı keçirilib. "Rekord.az" xəbər verir ki, festival Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Voleybol Federasiyasının, “Gəncə” klubunun təşkilatçılığı və “AzerGold” QSC-nin dəstəyi ilə baş tutub.
Tədbirin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov və “Gəncə” klubunun prezidenti Elvar Osmanov çıxış ediblər.
Çıxış zamanı bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd Gəncədə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında bu idman növünə marağın artırılması, eləcə də sağlam həyat tərzinin təşviqidir. Müxtəlif idman və əyləncə proqramlarını bir araya gətirən tədbir gənclərin idmana cəlb olunmasına və voleybolun daha geniş auditoriya arasında populyarlaşmasına xidmət edir.
Açılış mərasimində YAP Gəncə şəhər təşkilatının sədri, Azərbaycan Texnologiya Universitetinin rektoru, Gəncə - Daşkəsən regional idarələrinin rəhbərləri, 1 və 2 saylı Uşaq-gənclər və idman-şahmat məktəblərinin direktorları, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Festivalda həmçinin “Gəncə” Voleybol Klubunun 2026–2027-ci illər mövsümü üçün heyəti təqdim olunub. Gəncədə səfərdə olan “DH Volley” klubu səhnəyə dəvət olunub, “Turan” və “DH Volley” komandalarına avrokuboklarda uğurlar arzulanıb.
Sonra peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri keçilib, eləcə də dostluq oyunu təşkil olunub. Həmçinin 10–14 yaşlı uşaqlar arasında mini voleybol turniri keçirilib, iştirakçılar üçün müxtəlif idman və əyləncə proqramları təqdim edilib.
Festivalda konsert proqramı da təşkil olunub.