Gəncənin tam orta məktəb şagirdləri arasında keçirilmiş "Şahin" hərbi idman oyunlarının şəhər seçim mərhələsində uğurlu çıxış etmiş komandaların təltifetmə mərasimi təşkil olunub.

Rekord.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Təşkilat Komitəsinin üzvləri 1-ci yer tutan Gəncə şəhər 28 nömrəli tam orta məktəbin və 2-ci yer tutan Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin komandalarının nümayəndələri ilə görüş keçiriblər.

Görüşdə çıxış edən rəis Həmid Nəsirov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulayaraq şagirdlərin hərbi xidmətə hazırlanmasında rolunu qeyd edib.

Maraqlı mübarizə şəraitində keçən yarışda yer tutan komanda üzvləri Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi tərəfindən müvafiq Diplom və məktəb rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə təltif olunublar.