"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, 0:3 hesabıyla uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Zirə"ni təbrik edirəm. Layiqli qələbə qazandılar. Bunu qəbul etmək lazımdır. Bunlardan dərs çıxarmalıyıq. Oyunun qırılma nöqtəsi 3-cü dəqiqə oldu. Təsadüfi və sadə qol buraxdıq. Taktiki sistem ondan sonra qırıldı. Mütləq irəli getməliydik. Təmkinlə yox, emosiyalarla irəli getdik. Yadıma gəlmir ki, bir oyunda bu qədər qol epizodu yaradaq. Bir qol vursaydıq, bəlkə vəziyyəti dəyişərdik. Hücumda oynamağa çalışdıq. Rəşad Sadıqov düzgün taktika quraraq, bizi əks-hücumlarda tutdu. 3-cü dəqiqədə buraxıaln qol planları pozdu. Futbolçular istəkli idi. Bu qədər epizoddan istifadə etməmək nəticəyə təsir edəcək. Çempionata köklənməliyik. Finala qədər getsəydik də, çətin olacaqdı. Yeni oyunçular tam adaptasiya olmasalar da, keyfiyyətli oyunçulardır. Yıxılmamışıq. Komandamın oyunu və sistemi var. "Zirə" bu gün mərkəzi keçə bilmirdi. Futbolçuların işə yanaşmasına görə də, auramı korlamıram. Çempionatın əvvəlində üç oyundan sonra 1 xalımız var idi. Bomba bir yerə iki dəfə düşmür. Amma yenə düşə bilər. Zədəlilərimiz oldu. Çempionatın üç oyunundan sonra yenə bir xalımız var. Komandada hələ çox şeylər görəcəksiz. Düzgün yoldayıq”