“Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan “Rapid” (Vyana) komandasının baş məşqçisi Ferdinand Feldhofer ötən gecə “Austriya”ya qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə etdikləri 3-cü tur matçından sonra baş tutan mətbuat konfransında “Neftçi” ilə görüşlərə də toxunub:

“Qırmızı vərəqə epizoduna kimi dominatlıq edirdik. Yaxşı nəticə qazanmaq istəsək də, alınmadı. Bu xal itkisinə görə komandanı günahlandırmaq niyyətində deyiləm. Bakıdakı matçdan sonra çox yaxşı təsir bağışladıq. Azlıqda qalsaq belə, kifayət qədər qol epizodu yaratdıq. Amma təəssüf ki, bunlardan yararlana bilmədik. Oyunçumuza göstərilən ikinci sarı vərəqəni heç cür başa düşmədim. Yanlış qərar idi və sonda xal itirməyimizə səbə oldu. Amma matçın taleyini həll edə bilməməyimiz öz günahımızdır".

“Neftçi” ilə oyundan əvvəl çox əsəbi deyiləm. Gərgin həftədən sonra komanda bir gün istirahət edəcək. Çempionat matçından sonra əminəm ki, cümə axşamı hər şey yaxşı gedəcək”.

“Neftçi” Bakıdakı ilk oyunda "Rapid"ə 2:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasındakı cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.