
Elxan Məmmədovun Gəncə səfərində nə müzakirə olunub?
- 04 Mar 2022 14:00
- 658
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncəyə səfər edib.
Əməkdar bədən tərbiyəsi və idman işçisi, tanınmış uşaq məşqçisi, mərhum Konstantin Abramenkonun vaxtilə hazırlıq keçdiyi ərazidə inşa olunan meydançanın açılış mərasimində Məmmədovla yanaşı, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və digər rəsmi şəxslər, həmçinin şəhər futbol ictimaiyyətinin nümayəndələri iştirak edib. Süni örtüklü meydançanın rəmzi açarı icra başçısına təqdim olunub. Gəncə futbolunun yetirmələrindən Zakir Süleymanovun 85, Tofiq Əliyevin 75, Novil İsmayılovun isə 70 illik yubileyi münasibətilə onlarla görüş keçirilib, AFFA-nın xatirə hədiyyələri verilib. AFFA-nın icraçı vitse-prezidenti veteranlarla söhbətləşib, Gəncədə futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Futbol ictimaiyyətinin nümayəndələri süni örtüklü meydançanın inşasına görə AFFA-ya minnətdarlığını bildirib.
Ondan əvvəl isə icraçı vitse-prezident Gəncə şəhər stadionunda və “Kəpəz”in yeni inşa olunan futbol akademiyasında görülən işlərlə tanış olub. “Sarı-göylər”in icraçı direktoru İlqar Nadiri Məmmədova görülən və gələcəkdə planlaşdırlan işlər barədə məlumat verib. Görüşdə başqa hansı məsələlərin müzakirə olunduğunu öyrənmək üçün İlqar bəylə əlaqə saxladıq:
“Elxan müəllim əvvəlcə yeni inşa olunan akademiyanın binasında aparılan tikinti işləri ilə tanış oldu. Stadionda gedən təmir işləri ilə əlaqədar paltardəyişmə otaqları kimi istifadə olunan, yeni quraşdırlan konteynerlərə baxdı. Arenaya da ümumi baxış keçirdi. Müzakirələr zamanı stadionun mərhələli şəkildə sökülüb yenidən tikiləcəyi ilə bağlı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Gəncə şəhər stadionu Gənclər və İdman Nazirliyinin balansındadı. Bu üzdən müəyyən sənədləşmə işləri aparılmalıdı. Ümid edirik ki, bu məsələ qısa zamanda nazirlik tərəfindən həll olunacaq. Lazımi sənədlər hazır olmadığından AFFA gözləmə mövqeyindədi. Bu işlərlə bağlı komissiya yaradılmalıdı. Aidiyyatı qurumlara bu yöndə tapşırıq verilib”. ("Futbol plus")