
Düz 13 ay bundan əvvəl...
- 11:08
- 218
Dünən “Kəpəz” “Qarabağ”la qarşılaşırdı. Oyundan əvvəl müxtəlif bədbin proqnozlar vardı. Danimarka çempionu “Kopenhangen”i Bakıdan xalsız yola salan, qitənin nəhəngləri ilə bir sırada dayanmağı bacaran “Qarabağ” “Kəpəz”i heç çətinlik çəkmədən məğlub edəcəkdi. Bütün proqnozlar belə idi. Turnir cədvəlinin dibinə “lövbər salan” “Kəpəz” bu qarşılaşmaya qədər keçirdiyi 6 görüşün hamısında məğlub olmuşdu. Əksəriyyətində də böyük hesabla. Belədə “Kəpəz”in “Qarabağ”a hansısa şansının olmasından danışmaq da yersiz görünürdü.
Ümid təkcə ona idi ki, Qurban Qurbanov ağır qrafiki, futbolçuların “Kopenhagen”lə görüşdə çox güc itirdiyini nəzərə alıb, ciddi rotasiyaya əl atardı. Belədə “köhlən atlar” “Kəpəz”ə qarşı nisbətən zəif heyətlə meydana çıxardı ki, həmin futbolçular da autsayderə qarşı insaflı davranardılar. Təxminən elə bu cür də oldu. “Qarabağ”ın ekspremental heyəti “Kəpəz”in qapısına cəmi bir qol vurdu. Düzdür, top Gəncə təmsilçisinin qapısına iki dəfə daxil oldu. Amma oyunun startında qapı xəttini keçən top qayda pozuntusuna görə qol sayılmadı. Bir sözlə, “sarı-göylər” yaxşı qurtardı.
Bu minimal hesablı məğlubiyyət belə hadisənin mahiyyətini dəyişmir. “Kəpəz” ağır vəziyyətdədir. Legioner limitinin aradan qaldırılması işbazların əl-qolunu tamamilə açıb. Onlar klublara ayrılan pulları bir andaca göyə sovurur, daha doğrusu, ciblərinə doldururlar. “Kəpəz”də də belədir. Peşəkar Futbol Liqasına təqdim edilən iştirak ərizəsinə baxıram. “Kəpəz”in heyətində 12 legioner futbolçu var. Heyətə qatılan legionerlərin coğrafiyası da xeyli genişdir. Polşadan başlayıb Afrikaya qədər uzanır, ordan da Cənubi Amerikaya keçir. Hələ aralarında “Neftçi”nin “əlimyandıda” əldən çıxardığı yapon Ohori də var. Amma nə olsun? Keyfiyyət sıfırdır. Məşhur “O olmasın, bu olsun” komediyasında “bu gəlini gətirəndə baxmazlar ki ha, bu kişidir, yoxsa arvad” sualı “Kəpəz”in legioner siyasətinə lap yapışır. Onlar legionerləri komandaya dolduranda futbolçuların keyfiyyətinə baxmayıblar. Əsas prinsip “legioner olsun, cibimiz dolsun” prinsipidir. Bu da nəticəsi.
Gəncəli azarkeşlər əməlli-başlı dejavyu yaşamaqdadır. Ötən ilin bu vədələrində Adil Şükürov “0” xalla yola salındı, komandanı əvəzedici kimi Xaliq Mərdanov meydana çıxardı. Ondan sonra Azər Bağırovu gətirdilər ki, “Kəpəz”i elitada saxlasın. Mayda Bağırov urvatsız şəkildə yola salındı, hamımız buna təəccübləndik. “Kəpəz”in başbilənləri çox gülməli qərara imza atıb, Azər Bağırovun yerinə yenidən Adil Şükürovu gətirdilər. Onun rəhbərliyi altında “Kəpəz” bu dəfə də “0” çəkdi. Şükürov yola salındı, yenidən Bağırovun ətəyindən yapışdılar.
Bu yerdə mənim yadıma ötən ilin sentyabr ayının 4-də yazdığım “Nazim Süleymanovun davamçısı” yazısı düşdü. Həvəsiniz olsa, “Rekord.az”ın arxivində tapıb oxuyarsız. Bu günkü yazımı isə həmin yazıdan bir sitatla tamamlayıram: “Başına gələn başmaqçı olur. Azər Bağırov da məcburiyyətdən gələn təkliflərə “hə” deyir. Bir gün “Araz Naxçıvan”da zülmə qatlaşır, o biri gün “Kəpəz”də ağır yükün altına girir. Bilir ki, işləməsə, Nazim Süleymanov kimi onu da çağırıb, kef-əhval tutan olmayacaq...”
Yazar haqqında
