“Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər”
- 18:00
- 25
“Azərbaycan cüdoçuları dünya çempionatında möhtəşəm nəticələr əldə ediblər”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O, Bakıdakı mundialın yüksək səviyyədə keçdiyini bildirib:
"Doğrudan da, idmançılarımız çox möhtəşəm və gözəl nəticələr əldə etdilər. "Doğma divarlar" arasında çıxış etmək bir tərəfdən rahat, digər tərəfdən isə çox çətindir. Rahatdır ona görə ki, doğma meydandır, azarkeşlərimiz yanımızdadır. Digər tərəfdən isə bu, müəyyən narahatlıq da yaradır. İdmançılar azarkeşləri, yaxınlarını görür və bu amil onların üzərində əlavə təzyiq yarada bilər. Bəzən bu, idmançıya mənfi təsir göstərir. Ona görə də hamını təbrik edirəm".
Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.