Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində hakimlər üçün nəzəri və praktiki seminar təşkil olunub.


Rekord.az xəbər verir ki, təlimdə bu ildən Beynəlxalq Cüdo Federasiyası tərəfindən tətbiq edilmiş yeni qaydalar nəzərdən keçirilib.


Həmçinin mayın 17-də baş tutacaq U-20 gənclər arasında ne-vaza üzrə ACF Kubokuna hakimlərin son hazırlıq səviyyəsi yoxlanılıb. Seminar zamanı iştirakçılara praktiki tapşırıqlar təqdim olunub, yaranan suallar ətraflı şəkildə cavablandırılıb. Həmçinin son yarışlardan seçilmiş kadrlar izlənilərək müzakirə edilib.


ACF prezidentinin müşaviri Natiq Bağırov və hakimlər üzrə menecer, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə keçirilən seminar ədalət qoruyucularının bilik və bacarıqlarının möhkəmləndirilməsi, həmçinin qarşıdakı yarışlarda peşəkar çıxış üçün əlavə hazırlıq məqsədi daşıyıb.


Seminarda hakimlərin əsas heyəti ilə yanaşı, ACF tərəfindən seçilərək təlimlərə cəlb olunmuş hakimliyə namizədlər də iştirak ediblər.