Çempion kim olacaq: "Qarabağ", yoxsa "Sabah"? - yazı
- 11:18
- 47
Çempion kim olacaq: "Qarabağ", yoxsa "Sabah"?
Premyer Liqada mövsümün sonuna yaxınlaşdıqca əsas hədəflər uğrunda mübarizə daha da qızışır, gərginlik artır. Komandalar formalarının zirvəsinə çıxmaqla aktivlərinə daha çox xal yazdırmaq, işi daha tez və daha rahat həll etmək üçün çalışırlar. Bu da yarışın finalını azarkeşlər üçün daha maraqlı edir ki, buna ancaq sevinmək olar. Hamımızın istəyi belə çempionat görməkdir.
Əlbəttə, istənilən yarışın əsas sualı 1-ci yerə kimin sahib çıxacağıdır. Qızıl medallar hər turnirin başlıca mükafatıdır. Odur ki, məhz bu mübarizəni diqqət mərkəzinə almağımız təbiidir.
Çempionluğa 2 namizəd var. Real şansları dəyərləndirmək üçün əvvəlcə hər ikisinin qalan matçlarına baxaq.
"Sabah"ın qalan matçları:
"Qarabağ" (səfər)
"Karvan" (ev)
"Şamaxı" (səfər)
"Kəpəz" (ev)
"Neftçi" (ev)
"Turan" (səfər)
Bunlardan komandanın xal itirməsi ən böyük ehtimal olunan matçlar "Qarabağ", "Neftçi" və "Turan"ladır. Son turda tovuzluların avrokubok işini həll edib ehtiyat qüvvəyə şans verə biləcəyini də nəzərə almalıyıq. Hər halda, bu 3 matçın 3-də də uduzduğunu var sayaq (hərçənd mən "Sabah"ın bu matçlardan azı 4 xal çıxaracağını düşünürəm).
"Karvan", "Şamaxı" və "Kəpəz" qarşılaşmaları isə "Sabah"ın qalib gələcəyi, qalib gəlməli olduğu qarşılaşmalardır. Düşünürəm ki, Masazır təmsilçisi üçün məhz bu oyunlar xüsusi əhəmiyyət daşıyacaq. Burada toplanacaq 9 xal topu "Qarabağ" tərəfə yönəldəcək. Dambrauskas məhz bu 9 xalla minimum işin öhdəsindən gəlmiş olub, rəqibinin mümkün büdrəməsini gözləyə bilər. Rəqibin matçları hansılardır?
"Qarabağ"ın qalan matçları:
"Sabah" (ev)
"Neftçi" (səfər)
"Neftçi" (səfər)
"Turan" (ev)
"Qəbələ" (səfər)
"İmişli" (ev)
"Sumqayıt" (səfər).
Ağdamlıların da rəqibləri asan deyil və heç kim hazırda performans enişi yaşayan komandanın bütün bu matçlarda mütləq qələbə qazanacağını deyə bilməz. Aprel həlledici olacaq "Qarabağ" üçün. Kubokun cavab matçı da sayılmaqla həm "Sabah", həm də "Neftçi"ylə iki yorucu oyundan sonra "Turan"la qarşılaşmaq və bütün bu qarşılaşmalardan qalib çıxmaq qəhrəmanlıq kimi bir şey olar. Nə qədər öyrəşsələr də, "köhlən atlar"ın da 3 gündən bir matç oynamaqda çətinlik çəkdiyi məlumdur. İş təkcə fiziki hazırlıqda deyil. Məsələnin psixoloji tərəfi də diqqətə alınmalıdır. Dünən Qurban Qurbanovun verdiyi açıqlamalar bəzi fikirlər yürütməyə əsas verir. Çox sayda oyunçu yayda komandadan gedəcəyini qərarlaşdırdığından çemodan əhval-ruhiyyəsindədir, lazımi köklənmə nümayiş etdirə bilmirlər. Liderlə xal fərqi də çox olduğundan ilk büdrəmədə işin bitəcəyini düşünüb mübarizənin yersiz olduğu qənaətinə gələ bilərlər. Hətta deyərdim bu fikri özlərində qətiləşdiriblər. Bütün bunlar "Qarabağ"ın əksinə olan məqamlardır.
Soyuq başla analiz "Sabah"ın çempion olacağını deyir. Çünki hər iki namizəd təxminən eyni (gücdə) rəqiblərlə qarşılaşacaqlar, eyni sıxlıqda oyun qrafikinə malik olacaqlar. Üstəlik, "Qarabağ" bir matç əlavə oynayacaq. Arada isə itirilmiş xalları da aktivə yazsaq, minimum 7 xal fərq var. Çox ciddi fərqdir, aradan qaldırılması çox çətindir. 27 matçda cəmi 1 məğlubiyyəti olan "bayquşlar"ın son 6 matçın 3-də eyni aqibətlə üzləşməsini gözləmək ən azı düz olmaz. Azərbaycan çempionatında rəqabət yetərincə yüksəkdir, ancaq ortada komandalar arasındakı səviyyə fərqi var. "Sabah" yaxşı, universal futbolçulardan qurulmuş, yaxşı məşqçisi olan, iddiasını artıqlaması isə ortaya qoymuş kollektivdir. Bu gedişatın qarşısını almaq real görünmür. Bu komanda özü istəməsə çempionluğu heç kimi verən deyil.
Möcüzələr, faciələr də olur, təbii ki...