
Cavid İmamverdiyevin "Kəpəz"lə maaş söhbəti
- 21 İyl 2022 15:00
- 675
Xəbər verdiyimiz kimi, yeni mövsümə Bakıda hazırlaşan “Kəpəz” Cavid İmamverdiyevlə yolları ayırıb.
Rekord.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “sarı-göylər”lə başa çatan müqaviləsini yenilməyib.
O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. “Hər şey üçün təşəkkürlər" yazan futbolçu Gəncə təmsilçisi ilə vidalaşıb. İmamverdiyev 2021-ci ilin yayından “Kəpəz”də çıxış edirdi.
Cavidin Gəncə klubundan ayrılması bir qədər gözlənilməz oldu. Sabiq milli üzvü “sarı-göylər”in aparıcı futbolçularından sayılırdı, məşqçilər korpusu onun təcrübəsinə güvənib premyer-liqada komandaya kömək edəcəyini düşünürdü. Onu da vuruğlayaq ki, İmamverdiyev komandanın mövsümlərarası fasilədə keçirdiyi hər iki yoxlama görüşündə (“Səbail” və “Sumqayıt”) meydana çıxmışdı. Görəsən, onun komandadan gedişinə nə səbəb olub? Bu suala aydınlıq gətirmək üçün “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə ilə əlaqə saxladıq:
“Biz ona yeni müqavilə təklif edəndə şərtlərlə razılaşmırdı, yüksək maaş istəyirdi. Ona “problem yoxdu, məşq et, hazırlaş, əsas heyətə düşəcəyin halda dediyin şərtlərlə razılaşarıq” söylədim. Həm “Səbail”, həm də “Sumqayıt” ilə qarşılaşmada onu əsas heyətdə meydana buraxdım. Açığı, hər iki görüşdə performansı məni qane etmədi. Cavidi yaxşı tanıyırıq, potensialına bələdik. Bu gün özünü göstərə bilmədi. “Sumqayıt”la matçdan sonra özü ilə söhbət etdim. Bir-birimizi başa düşdük. Xidmətlərinə görə təşəkkür edib sağollaşdıq.
Aramızda heç bir narazılıq olmadı. O da təşəkkür edib getdi. Bundan sonra karyerasını harda davam etdirəcəyini bilmirəm. Ancaq harda olur-olsun, Cavidə uğurlar arzulayıram”.