“Lex”i məğlub edərək Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksələn “Qarabağ”ı daha bir sınaq gözləyir. Ağdamlılar çərşənbə axşamı “Sürix”lə üz-üzə gələcək. “Köhlən atlar” ötən mövsüm İsveçrəyə səfər edib. Qurban Qurbanovun komandası Konfrans Liqasının qrupunda “Bazel”ə qarşı oynayıb və 0:3 hesabı ilə məğlub olub. Həmin görüş azarkeşlik baxımından olduqca sakit keçmişdi. Görəsən, indi İsveçrədə “Qarabağ”ı hansı sürprizlər gözləyir? Ağdam klubunu Sürixdə dəstəkləyən olacaqmı? Komanda hansı problemlərlə üzləşə bilər? Rekord.az xəbər verir ki, "Futbol plus" bu və başqa məqamları öyrənmək üçün Sürix Miqrasiya təşkilatının əməkdaşı, İsveçrədə yaşayan azərbaycanlı Hacı Hacılı ilə əlaqə saxlayıb. Söhbətdə bizim üçün qaranlıq qalan məsələlərə aydınlıq gətirilib:

 



- Yəqin xəbəriz var, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la "Sürix" oynayacaq. İlk oyun Bakıda, cavab görüşü Sürixdə keçiriləcək. İsveçrə mediasında, ictimaiyyət arasında oyunla bağlı nələr danışılır? Ümumiyyətlə, görüşə maraq var?
- Hələlik nəsə danışılmır. Amma bu mövzunun oyundan bir neçə gün öncə gündəmi zəbt edəcəyinə heç bir şübhəm yoxdu.

- İsveçrədəki azərbaycanlılarla əlaqəniz var. Stadionda "Qarabağ"ı dəstəkləyənlərolacaq?
- Azərbaycanlılarla əlaqəm zəif olsa da, xeyli həmyerlimizin oyuna stadionda tamaşa edəcəyini bəribaşdan bilirəm. Belə məsələlər bir yerə toplaşmaq üçün həmişə müsbət rol oynayıb. Hərçənd bəzi oyunlar insidentsiz də ötüşməyib.

- Yaxşı məqama toxunduz. Qarabağ adı bəziləri üçün həmişə ağır dərd olub. Komandamızın Avropadakı oyunlarında insidentlər baş verib. Yenə belə hallar yaşana bilər? Ermənilər Sürixdə çoxdu? Onlar problem yarada bilər?
- Yox! Burda erməni azdı, olanlar da yerlilərlə qaynayıb-qarışıb, beyinlərində “Böyük Ermənistan” zəhəri yox kimidi. Nəticə etibarı ilə siyasi fəallıqları da hiss olunmur. İnsident deyəndə başqa şeyi - özümüzkülər arasında “kim Qarabağı daha çox sevir” yarışının qaba nəticələrini nəzərdə tutmuşdum.

- Dediz ki, Sürixdəki oyunu izləməyə çoxlu azərbaycanlı gələcək. Bununla bağlı hansısa təşkilatlanma işləri görülür?
- Nə qədər güclü təşkil olunduğunu deyə bilmərəm, amma bəzi tanışlardan bu istiqamətdə addımlar atılması, məsələn, biletlərin təşkili haqda eşitmişəm. Sağlıq olsun, nəticə oyunun gedişində bilinəcək.

- "Sürix"in azarkeşləri necədi? Düşünürsüz ki, yerli fanatlar "Qarabağ"la oyuna maraq göstərəcək?
- “Sürix”in çox çılğın fanatları var. Amma onlar daha çox çempionat matçlarında canfəşanlıq edir, bəzən dava-dalaş həddinə çatan qarşıdurmalara səbəbkar olurlar. Beynəlxalq yarışlarda isə özlərini təmkinli aparırlar.

- Bəzi platformalarda “Sürix”in büdcəsini 42 milyon avro göstərirlər. Bu haqda məlumatınız var? Kluba İsveçrədə dəstək olan hansısa şirkət və ya qurum var?
- Cavab verməyə çətinlik çəkirəm. Çünki heç bir məlumatım yoxdu.