
Bir cənub şəhərində şimal nağılı
- 20:25
- 51
Sabah Ağdamın “Qarabağ”ın klubu UEFA Çempionlar Liqasında vacib matça çıxır. Təmsilçimiz Liqa mərhələsinin 2-ci turunda Danimarka çempionu “Kopenhagen”i Bakıda qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın biletləri günlər öncədən satılıb, anşlaq olacağı dəqiqdir. Matçı niderlandlı hakimlər idarə edəcəklər.
Dünyanın gözü Bakıda
Komandamızın “Benfika” üzərindəki qələbəsi nəinki Avropa, bütün dünya futbol mediasının müzakirə mövzusuna çevrilmişdi. Portuqaliya nəhənginin iki top geridən gəlib məğlub etmək nəinki başından yuxarı tullanmaq, ümumiyyətlə möcüzədi. İndi hamı – istər biz, istərsə də futbol dünyası bu möcüzənin davamını gözləyir. Sabah gecə “Barselona” – PSJ matçı var, daha böyük komandaların qarşılaşmasıdı. Ancaq ona qədər hamının gözü məhz Bakıda olacaq. “Qarabağ” bu gözləntiləri qarşılamağa məcburdu. Çünki mənfi nəticə olacağı halda, ilk turdakı zəfərin effekti sıfıra enəcək. Hər halda, ağdamlılar bundan da vacib, bundan da böyük matçlardan üzüağ çıxıb, bundan da dəfələrlə güclü rəqibləri üstələyə bilib, bunu yenə də bacarmağa qadirdi. Rəqib demişkən…
Tanış rəqib
“Kopenhagen”lə oyun “Qarabağ” üçün bu rəqiblə 5-ci qarşılaşma olacaq. İlk dəfə uzaq 1998-ci ildə Kuboklar Kubokunda üz-üzə gələn “köhlən atlar”, Danimarka çempionuna hər iki matçda böyük hesabla yenilmişdilər: səfərdə 0:6, evdə isə 0:4. Ancaq ağdamlılar 2017-ci ildə tarixi uğuru məhz skandinaviyalılarla yaşamışdılar. ÇL-in pley-off mərhələsində “Qarabağ” evdə Mahir Əmrəlinin (o vaxt hələ Mədətov idi) yeganə qolu ilə 1:0 hesabı ilə qalib gəlmiş, səfərdə isə 1:2 uduzsa da, o vaxt qüvvədə olan səfər qolu sayəsində ilk dəfə bu mötəbər turnirin qrup mərhələsinə vəsiqə qazanmışdı.
Kimdirlər?
“Kopenhagen” Futbol Klubu (FCK) 1992-ci ildə “Kjøbenhavns Boldklub” və “Boldklubben 1903” klublarının birləşməsi ilə yaradılıb. “Şəhərlilər”, “Şirlər” ləqəbləri olan komanda bu qısa müddətdə 16 dəfə Danimarka çempionu, 10 dəfə də ölkə kubokuna sahib çıxmaqla rekorda imza atmağı bacarıb. Dəfələrlə ÇL və AL qruplarına çıxmaq, həmçinin ÇL-in pley-offuna çıxan yeganə klub kimi ölkəsinin ən uğurlu avrokubok təmsilçisidir. “Kopenhagen” ev oyunlarını 38 min tutumlu “Parken”də oynayır, ciddi azarkeş dəstəyinə malikdir. Bu stadion bizə türk dünyası futbol tarixinin ən böyük uğuru – “Qalatasaray”ın UEFA Kubokunu qazandığı final matçına evsahibliyi etməsiylə tanışdır.
İşıqlı gələcək üçün planlı çalışma
Danimarka çempionu futbola ciddi və təməl yanaşma tərəfdarıdır. 14 il əvvəl “Kopenhagen” 50 klubla tərəfdaşlığa başlayaraq, onların gənc futbolçularının inkişafına dəstək addımı atmaq qərarına gəlir. Bu proqram çərçivəsində klub təxminən 33 min futbolçu ilə sıx işləmək imkanı əldə edir. Bu o demək olur ki, “şirlər” istənilən digər klubu üstələyə, onların ən istedadlı oyunçularını öz akademiyasına cəlb etmək şansı qazanır. Böyük maliyyə və əmək sərfi tələb edən çalışma olsa da, əvəzi artıqlamasıyla çıxmışdı. 2022-ci ilin oktyabrında “Mançester Siti” ilə qarşılaşanda “Kopenhagen”in start heyətində meydana klubun 6 öz yetirməsi çıxmışdı. Bu xətt indi də davam etdirilir və klub bu prosesi dayandırmaq fikrində deyil. Qapıçı Oskar Buur, yarımmüdafiəçilər Oliver Hoyer, Conatan Moalem, Vilyam Klem, Liam Vest, hücumçu Andreas Kornelius hazırkı FCK-nın yetişdirdiyi futbolçulardır.
Yüksək eqo
Qazanılan uğurlar “Kopenhagen”in fəlsəfəsinə də təsir edib. Bu klubu digər danimarkalı həmkarlarından fərqləndirən bir cəhəti var: FCK tipik Danimarka klubu sayılmır. Əzəli rəqibi “Brondbü” azarkeşləri qeyd edirlər ki, “danimarkalılar millət olaraq sakit və təvazökardılar, heç kəsə yuxarıdan-aşağı baxmırlar. “Kopenhagen” isə fərqlidir. Bu klub yüksək eqoya malikdir, nəticə üçün hər şeyə hazırdılar, qazandıqları qələbələri isə xüsusi göstərişlə qeyd edirlər”. Bu bir azarkeş fikri olsa da, eqo məsələsi haqlı qeyddi. FCK Danimarkanın “Bavariya”sı kimi davranmağa, ölkə hüdudlarını aşmağa çalışır, bunun üçün bütün resurslardan istifadə edir. Oyun öncəsində yayılan məlumatlar, açıqlamaları bu yüksək eqoya işarədir. Bəlkə də bu komandanı uğura daşıyan əsas meyar məhz bu hirs və eqodu.
Bahalı heyət
“Transfermarkt”ın rəqəmlərinə əsasən “Kopenhagen”in heyət qiyməti 75 milyon avro civarındadır. Bu, “Qarabağ”dan (24) azı 3 dəfə böyük rəqəm deməkdir. Heyətində 5 milyondan çox qiyməti olan 5 nəfər var. Mohəmməd Əlyunusi 5, Qabriel Pereyra və Rodrigo Hueskas 6, qapıçı Dominik Kotarski 9, Yussufo Moukokonun isə 10 milyon avro bazar qiyməti var. Müqayisə üçün qeyd edim ki, “Qarabağ”ın ən bahalı oyunçuları Kadi Borges və Leandro Andradedi. Hər ikisinə 2,5 milyon qiymət biçilib.
Gənc baş məşqçi
“Kopenhagen”in baş məşqçisi Yakob Neestrupun 37 yaşı var. Çox iddialı, yaşı az olmasına baxmayaraq, yetərincə təcrübəli və istedadlı mütəxəssisdi. Klubun öz yetirməsidi. Futbolçu karyerasını 23 yaşında elə akademiyasından yetişdiyi FCK-da başa vurub. O vaxtdan bəri klubda yeniyetmə yaş qruplarında məşqçi kimi işə başlayaraq əsas komandaya qədər yüksələ bilib. 3 ildir sevimli klubunun başındadır və bu müddətdə komandasını ÇL-in pley-offuna çıxarıb, 2 dəfə ölkə çempionluğu və eyni sayda ölkə kubokunu qazanıb.
Taktiki düzülüş
“Kopenhagen” bu mövsüm bütün cəbhələrdə toplam 18 matç keçirib. Bunlardan cəmi 2-ndə - “Drita” ilə ÇL, “Norşelland” ilə çempionat səfər matçlarında fərqli sxemlə oynayıb. Buna səbəb heyətdəki itkilər olub ki, dəyişikliyi məcburi adlandırmaq olar. Digər bütün qarşılaşmalarda isə baş məşqçi Yakop Neestrup 4-4-2 sxeminə üstünlük verib. Mütəxəssis orta xətdəki 4-lünü romb yox, xətti düzür və bu, daha çox klassik ingilis düzülüşünə bənzəyir. Bu sistemdə 6-8 nömrə ayrımı yoxdu, adətən “cüt 6-lı” adı verilir. Ortadakı 2 futbolçu həm dayaq, həm də mərkəz yarımmüdafiəçisi rolunu oynayır, cərimə meydançaları arasında gedib-gələrək (boks-tu-boks tipli) həm müdafiənin, həm də hücumların təşkilində rol oynayırlar. Bu, böyük enerji sərfiyyatı tələb etdiyindən yük adətən cinahlara da paylanır, oyun həm də oradan qurulur. Cinahdakı oyunçular vinger yox, cinah yarımmüdafiəçiləri işini görürlər.
Necə oynayırlar?
Mərkəz yarımmüdafiəçiləri Lerager-Delaney cütlüyü müdafiədən topu qəbul edərək ilk imkandaca cinaha çıxarmağa çalışırlar. Buna şans olmayanda hücumdakı ikilidən kimsə - bu, adətən Əlyunusi olur - orta xəttə qədər gələrək onlara kömək edir. Ancaq top ora çatsa belə, yenə “özfəaliyyət” etmir, topu mütləq cinaha yönəldirlər. Cəmi bir tapşırıq var: “kimliyindən asılı olmayaraq, topu qəbul et və cinaha yönəlt. Ordakılar həll edəcəklər”. Cinah müdafiəçilərinin də mütəmadi hücuma qoşulmalarını nəzərə alsaq, meydançanın həmin hissəsində say çoxluğu əldə edir, bu üstünlükdən yararlanmağa çalışırlar. Sürət və fərdi ustalıq hesabına cərimə meydançasına daxil olur, oradan asma və ya ötürmələrlə qapıçı meydançası həndəvərində, uzaq və yaxın dirəklərdə, əksər hallarda isə cərimə meydançasının yarımqövsünə yaxın nöqtədə yer alan komanda yoldaşlarını “tapırlar”.
Necə oynamalıyıq?
Bu 4-4-2-yə qarşı müdafiə olunmaq üçün əsas prinsip orta xətti dolu saxlamaq, orda daha çox oyunçu ilə təmsil olunmaq, bu yolla rəqib mərkəz yarımmüdafiəçiləri təzyiqdə saxlamaq və burada xətlər arasında boşluq verməməkdi. Bununla yanaşı, müdafiə xəttində taktiki intizamın möhkəmliyi, maksimal diqqətli oyun gərəkəcək. Bu, rəqib hücumçularının sürəkli yerdəyişməsinin gətirə biləcəyi çaşqınlıq və bunun nəticəsində yaranacaq boşluqların azalmasını təmin edəcək. Prinsip etibarilə 4-4-2-yə qarşı ideal oyun elə "Qarabağ"ın 4-2-3-1-də alınır. Sistem uyğundu, qalır reallaşdırmaq.
İki yol var. Birincisi, o qədər də populyar olmayan, yəni nəticə futbolu. Belə ki, rəqibin cinah aktivliyini nəzərə alaraq, müdafiəmizin cinahındakı futbolçuların (Elvin və Mateus) çox irəli çıxmaması, komandanın səbrli davranaraq öz şansını gözləməsidi. Loru dildə desək, arxaya oturub, gözləmək. Bu, bizə azı heç-heçəni gətirə bilər. Belədə oyunun qolsuz bitmə, azarkeşlərin xoşuna gəlməyən 90 dəqiqə izləməliyimizi “təmin edə” bilər. Məntiq məhz bu cür oynamalı olduğumuzu deyir. “Benfika”dan sonra 1 xal da qənimətdi. Sanarıq ki, Portuqaliyada 1 xal qazanmışıq, evdə də danimarkalıları yendik.
Amma son illərin “Qarabağ”ının buna getməmək ehtimalı böyükdü. Hücumameylli, pressinq üzərində qurulan oyunda özünü daha yaxşı hiss edən “köhlən atlar”, ənənələrinə sadiq qala bilərlər. Bu riskdi, böyük riskdi, amma əvəzi 3 xal ola bilər. Necə? Bunun üçün orta xətdə rəqibdən daha çox oyunçusu olan "Qarabağ" öz “klassik topgəzdirmə”si yolu ilə danimarkalıların yarımmüdafiəsində boşluqlar axtaracaq (meydançanın yaxşı olmaması bu planı poza bilər). Kompakt müdafiə olunan, praqmatik futbola üstünlük verərək çox riskə getməyən, az, amma effektiv hücumlar təşkil etməyə çalışan FCK-nı “tərpətmək” üçün sürətə çox ehtiyac var. Xüsusilə topun bir cinahdan digərinə ən qısa vaxtda çatdırılması lazımdı. Rəqib güclü olsa da, ideal biri deyil və mütləq ki şanslar verəcək.
Maestrosuz oyun
Marko Yankoviçin yoxluğunu bu məqamda çox hiss edəcəyik. Çünki o sadəcə bir yarımmüdafiəçi yox, arxadan oyunu idarə edən, bir çox funksiyaları yerinə yetirərək orta xəttin dayaq və istinad nöqtəsi idi. Onun yerində oynayacaq kim olacaqsa, ya yaradıcı, ya da müdafiə baxımından axsayacaq. Baş məşqçi öz oyun planına uyğun olaraq seçim etməlidi: ya Kuaku, ya da Kadi. Mən Krisi seçərdim, çünki müdafiə olunarkən daha effektiv olan kot-divuarlı, rəqibin orta xəttinin hücumdakı təsir və təzyiqini azaltmağa qadirdi. Hücumameylli birinə üstünlük verməyimiz isə ona görə effektiv ola bilər ki, rəqibin pressinqdən çıxma problemləri var, onları elə öz cərimə meydançaları həndəvərində tutmaqla hədəfə daha yaxın ola bilərik.
Onların da öz “Şahruddin”i var
Daha bir məqam: rəqibin bu yay PAOK-dan 9 milyon avroya aldığı Dominik Kotarski də bizim şansımızdı. Onda Şahruddin Məhəmmədəliyevin “özəllikləri” var ki, istər-istəməz paralellər aparırsan. Xorvatiyalı qolkiper çərçivədə möhtəşəmdi, əla seyvləri var. Ancaq təzyiq görən kimi, ciddi səhvlərə yol verir, topu rəqibə “hədiyyə” etmək “xüsusiyyəti”nə malikdi. “Kopenhagen” xüsusilə daxili çempionatda 1 nömrə ilə oynadığından qapıçısının bu boşluqları o qədər də nəzərə çarpmır. Amma bu komandanın oyunların diqqətlə izləyənlər (aranızda elələri varsa) razılaşarlar ki, bu qolkiperi “tovlamaq”, “tələyə salmaq” olar, mümkündü. Azacıq təzyiq gərəkdi.
Epiloq
“Qarabağ” Hans-Kristian Andersenin Vətənindən gələn komandanı evinə əliboş yola bilər. Bunun üçün həm gücü, həm təcrübəsi, həm də yanında tribunaları dolduracaq böyük azarkeş dəstəyi var. Hər şey nağıllardakı kimi ola bilər. Bunun üçün şimallıların meydanda bizə “danışacağı” nağıllara inanmamaq, öz cənub hekayəmizi onlara nəql edib yuxuya verməyimiz lazımdı. Sehrbaz Qurban Qurbanovun ehtiyatında bir-iki belə “rəvayət”i olmamış olmaz. Bir cənub şəhərindəki sabahkı gecənin bizim üçün nağıllardakı kimi möcüzəli olması diləyiylə…
Kənan Məstəliyev
Yazar haqqında
