“Bayern” Almaniya Bundesliqasının 29-cu turunda “Maynts”la qarşılaşıb və 1:3 hesablı məğlubiyyətlə üzləşib.

Rekord.az xəbər verir ki, Münhen təmsilçisi bu görüşdə məğlub olması azmış kimi, müdafiəçisi Alfonso Deyvisi də itirib.

Matçın əvvəlindəcə zədələnən futbolçu 9-cu dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Müayinələrdən sonra Kanada millisinin üzvünün əzələsində yırtıq aşkarlanıb. Klubun həkimi oyunçunun bərpasının təxminən 6 həftə çəkəcəyini deyib. Bu isə onun mövsümü erkən başa vurması anlamına gəlir.

Alfonso Deyvis 2022/23 mövsümündə Münhen təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.