Fevralın 16-da Milli Gimnastika Arenasında Bakı “Böyük Dəbilqə” turnirinin təntənəli açılış mərasimi baş tutub.

Rekord.az xəbər verir ki, açılışda Beynəlxalq Cüdo Federasiyasının Prezidenti cənab Marius Vizer, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Cüdo Federasiyasının Prezidenti Rəşad Nəbiyev iştirak ediblər.

Mərasimdə Mariana Vasileva bu illər ərzində Azərbaycanda cüdonun əsaslı şəkildə inkişaf etdiyini vurğulayaraq Azərbaycan cüdoçularının uğurlarını Prezident İlham Əliyevin sarsılmaz dəstəyi ilə əlaqələndirib. O, Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində idmançıların reytinq xalları qazanmaq baxımından turnirin əhəmiyyətini vurğulayıb və bütün iştirakçılara ən xoş arzularını çatdırıb.

Azərbaycan Cüdo Federasiyasının Prezidenti Rəşad Nəbiyev Paris-2024 Yay Olimpiya Oyunları yaxınlaşdıqca Azərbaycan idmançılarının beynəlxalq miqyasda iştirakının artdığını vurğulayıb: 

“Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında müstəsna rol oynayır. Biz də ölkəmizdə cüdonun inkişafı üçün əlimizdən gələni edirik. Bu il müxtəlif yaş qrupundan olan cüdoçularımız beynəlxalq yarışlarda uğurla çıxışlar ediblər. Son iki ildə bu idman növü ilə məşğul olan qız və oğlanların sayı 10 minə çatıb. Əminəm ki, qarşıdan gələn Olimpiya Oyunlarında cüdoçularımız bizi sevindirəcəklər”.

Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik etməklə başladı və onun Azərbaycan idmanının inkişafındakı  rolunu yüksək qiymətləndirdiyini vurğuladı. Marius Vizer Gənclər və İdman Nazirliyinə, eləcə də Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü bildirib və yeni yaradılmış Cüdo Təlim Mərkəzinin BCF tərəfindən müsbət qarşılandığını vurğulayıb. O, mərkəzin cüdonun inkişafına əhəmiyyətli töhfə verəcəyinə nikbin olduğunu deyib.

Rəsmi çıxışlardan sonra arenada Azərbaycan Respublikasının və Beynəlxalq Cüdo Federasiyasının himnləri səslənib. Qeyd edək ki, üç gün davam edəcək “Böyük Dəbilqə” turnirində 62 ölkədən 404 iştirakçı mübarizə aparacaq.