Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
- 20:52
- 35
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın beşinci günündə qadın güləşi üzrə 57 və 59 kq-da, sərbəst güləş üzrə isə 61, 86 kq-da finalçılar müəyyənləşib.
Günay Qurbanova (57 kq) yarımfinaladək rəqiblərini vaxtından əvvəl məğlub edib. Təmsilçimiz macarıstanlı Liliana Kapuvari (12:1), özbəkistanlı Ulbiye Karılıbayeva (11:1) və kanadalı Aqniya Krakovskaya (tuş) tam üstünlüklə qalib gələrək adını yarımfinala yazdırıb. O, yarımfinalda hindistanlı Tanvi Gundeş Maqdumu “tuş”la udaraq U20 dünya çempionatının finalına yüksəlib. Günay sabah həlledici görüşdə yaponiyalı Konami Onoyla qarşılaşacaq.
Ruzanna Məmmədova (59 kq) da rəqiblərinə heç bir şans tanımayıb. 3 qat U20 Avropa çempionumuz ispaniyalı Rosa Molina Rodrigeslə (10:0) hindistanlı Komal Komalı (14:2) tam üstünlüklə məğlub edərək yarımfinala adlayıb. Ruzanna yarımfinalda Macarıstan təmsilçisi Eda Balaşı da maksimum fərqlə udaraq (11:0) finala vəsiqə qazanıb. Məmmədova sabah yaponiyalı Sae Noquçiylə güləşəcək.
Camal Abbasov (61 kq) moldovalı Marçel Andronake və monqol Dulquun Enxbaatara 10:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda amerikalı Aaron Ceyms Zaydelə məğlub olub – 2:13. Camal sabah təsəlliverici görüşə çıxacaq.
Məhəmməd Abbaszadə (86 kq) bolqarıstanlı Alan Tigiyevi “tuş”la mübarizədən kənarlaşdırsa da, 1/4 finalda türkmənistanlı Alp Arslan Begenjova 1:14 hesabıyla uduzub.