Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisi uğurlu çıxış edib.


Rekord.az xəbər verir ki, təmsilçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıblar.


M-4 yaş kateqoriyasında Babək Hacıyev (-60 kq), Vaqif Kərimov (-73 kq) və Emil Hüseynov (-100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar. M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (-81 kq) üçüncü yeri tutub.


Xatırladaq ki, turnirin ilk günündə Fərhad Rəcəbli (M-8, -90 kq) də qızıl medala sahib olmuşdu.


Hazırda yığma komandamız 5 medalla (4 qızıl, 1 bürünc) 37 ölkə arasında ümumi sıralamada 4-cü pillədə qərarlaşıb.