Basketbol üzrə Azərbaycan çempionatı yaxın günlərdə bərpa oluna bilər.

Rekord.az xəbər verir ki, bunu oxu.az-a Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov bildirib.

O, hazırda klub sayını və yarışın keçiriləcəyi zalı dəqiqləşdirməyə çalışdıqlarını qeyd edib:

“Klublarla artıq danışmışıq. Bizdən bir həftə vaxt istəyiblər. Neçə komandanın iştirak etməsi dəqiq bilindikdən sonra Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcəyik.

Hazırda zallarla bağlı təşkilati məsələlər üzərində də işləyirik. Çünki qapalı idman zallarının bəziləri tədbirlərə görə məşğuldur”.

Xatırladaq ki, basketbol üzrə Azərbaycan çempionatı ötən ilin aprelindən pandemiyaya görə məcburən yarımçıq dayandırılıb və “Zirvə” (Lənkəran) komandası ölkə çempionu elan edilib.

Azərbaycanda qapalı zalda baş tutacaq üzgüçülük, güləş və taekvondo çempionatlarının keçiriləcəyi artıq dəqiqdir. Bütün bu yarışların keçirilməsinə Operativ Qərargah razılıq verib.