Litvanı şişirtməyək -yazı
- 10:40
- 32
Lixtenşteyn - Litva matçına baxdım.
İkisi də adi komandalardır. Bəli, ikisi də.
Meydan sahibləri lap zəifdirlər, onları hələ ki müzakirə eləməsək də olar. Vaxtı gələndə danışarıq. FİFA reytinqində 211 ölkə arasında 205-cidirlər. Elə bu fakt ilkin fikir yürütmək üçün yetərlidir.
Bizi maraqlandıran Litvadır. Dünənki matçda Lixtenşteyn bizim taciklərə qarşı çıxdığımız 5-3-2 ilə çıxmışdı və bu məqam "eyni düzülüşdə oynayacağımız halda nələrə ümid edə bilərik" sualına cavab axtarmaq imkanı verdi.
Litvanın yaxşı, ayağı top tutan futbolçuları var. İmkan verildikdə istənilən şansdan yararlana bilirlər. Texniki cəhətdən də yaxşıdırlar, fiziki hazırlıqları da normaldır. Yəni sırf D qrupu səviyyəsində götürsək, "yaxşı komandadır" deyə bilərik.
Ancaq bu "yaxşı komanda" normal müdafiəsi olan, kobud səhvlərə yol verməyən heç bir komandaya qalib gələ bilməz. Vurduqları iki qol da bunu göstərir. Birincisində Mixelbrink cərimə meydançasında 4 nəfəri az qala düz xətt üzrə keçərək fərqləndi. Bu zaman rəqib müdafiəçilərin tamaşaçı mövqeyi tutması və əsl həvəskar səviyyədə olması göründü. Doljnikov isə uzaqdan zərbə ilə qol vurdu, çünki komanda cərimə meydançası daxilinə girə, müdafiəni yara bilmirdi. Ancaq bu yolla işi həll etmək olardı, onu da etdilər.
Normal komanda belə şansları litvalılara verməyəcək. Nə qədər göydən-yerə vursaq da, bizim arxa xəttimiz daha kompaktdır, cinahlarımızda daha yaxşı oyunçular yerləşib, dayaqdan daha sürətli və dəqiq paslarla çıxa bilirik. Zarafata saldığımız taciklər bu Litvadan 40 pillə irəlidədirlər və yoldaşlıq görüşündə də olsa onlara qarşı bu oyunu ortaya qoya bilmişiksə, bu dəfə də təkrarlaya bilərik. Mütləq qol şanslarımız olacaq. Lixtenşteyn belə bəzi epizodlarda rəqibi əks-hücumda tuta bildi dünən. Biz də tutacağıq. Bundan sonra iş bizim hücumçularımızın bacarığı və vicdanına qalacaq.
Litvanın legioner həyatı oyunçularını da şişirtməyək. Nə "Çelye", nə "Enerji", nə də "Torino" güclü klublar deyillər. Cibində Avropa Birliyinin pasportu olan litvalılar bu üstünlüklərindən daha yaxşı yararlana, daha yaxşı komandalara qədər gedə bilərdilər. Bilmirlər, çünki gücləri budur. Litva çempionatı çox zəifdir, oyunçular məcburən kənara çıxırlar, çıxdıqları yerin də maksimumu budur. And içə bilərəm ki, bizdə o pasport olsaydı, bizim futbolçuların səsi daha yaxşı yerlərdən gələrdi.
Belədir ki, pasportsuz da gəlir. Litvanın nə "Sabah"ı, nə də "Qarabağ"ı yoxdur. Hazırda millimizdə Çempionlar Liqasında "Mançester Yunayted"ə qarşı oynamış Rəhman və Aleksey, bu komandanı ora çıxaran Tellur, əsas heyət üzvü sayılan Abdullax var. Ötən mövsüm tarix yazan Ağdam komandasının Bədavi, Musa və Toralı da heyətdədir. Bu futbolçular ÇL səviyyəsini görmüş, görməkdə davam edən oyunçulardırlar. Litvada bir nəfər beləsi yoxdur. Onların hazırkı yığma üzvləri üçün bu mərhələ xəyaldan da artıq bir şeydir.
Yəni şişirtməyək rəqibi. Bu Litvadır, bura da D Liqasıdır. Bu qrupdan qalib çıxmaq, AÇ pley-offuna şans saxlamaq lazımdır. Bu, əlçatmaz, mümkünsüz bir şey deyil, hətta tələbdir.