Azərbaycan üzgüçüləri Ramil Vəzlizadə və Məryəm Şeyxəlizadəxangah öz güclərini sınamaq üçün Macarıstan çempionatına qatılıblar.

Rekord.az xəbər verir ki, bu barədə məlumatı üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçısı Rəşad Əbdürrəhmanov verib. 

Onun sözlərinə görə, bu yarış macar idmançıları üçün dünya çempionatına seçim turniridir:

“Üzgüçülük Macarıstanda çox populyar bir idman növüdür. Burada Avropanın və dünyanın güçlü üzgüçüləri var və onlar beynəlxalq yarışlarda çox uğurlu çıxışlar edirlər. Federasiyanın məqsədi beynəlxalq yarışlar öncəsi idmançılarımızın peşakarlığını artırmaq, əlavə təcrübə toplamaq, üzgüçülərimizin öz güclərini artırmağa şərait yaratmaqdır. Hesab edirəm ki, bu yarışlarda iştirak üzgüçülərimizin beynəlxalq təcrübələrini daha da yüksəldəcək”.

Məryəm Şeyxəlizadəxangah 50 metr batterflay üsulunda, Ramil Vəlizadə isə 200 metr batterflay üsulunda güclərini sınayacaqlar. 
Macarıstan çempionatı 17-23 aprel tarixlərində Macarıstanın Kapoşvar şəhərində keçirilir.