Azərbaycan Boks Federasiyası ilə yekun vurdu
- 2019-12-29 18:00
- 1246
Azərbaycan Boks Federasiyası (ABF) 2019-cu ilə yekun vurub. Bununla bağlı milli komandanın təlim-məşq toplanışında olduğu Abşeron Olimpiya İdman Kompleksində görüş keçirilib.
Rekord.az xəbər verir ki, yığıncaqda ABF-in vitse-prezidentləri Süleyman Mikayılov, Rövşən Hüseynov, baş katib Nağı Səfərov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Fərid Mansurov, milli komandanın məşqçilər korpusu və yığma üzvləri iştirak ediblər.
Tədbirdə Süleyman Mikayılov ili Azərbaycan boksçuları üçün uğurlu adlandırıb. O bildirib ki, komandamızı yeni ildə daha ciddi sınaqlar gözləyir: “2020-ci il Olimpiya ili hesab olunur. Biz Tokio Yay Olimpiya Oyunlarında iştirak üçün ilk növbədə lisenziyalar qazanmalıyıq. Bu yarışlara da martdan start veriləcək. Ümid edirəm ki, boksçularımız lazımı uğurlara imza ataraq, bir neçə vəsiqə qazanacaqlar. Bundan sonra isə Olimpiadada öz sözümüzü deyəcəyik”.
Federasiya rəsmisi təlim-məşq toplanışları üçün lazımı tapşırıqlarını verib. O, ardınca kollektivi Dünya Azərbaycanlılarının Həmrəyli Günü və Yeni il münasibəti ilə təbrik edib.
Daha sonra Nağı Səfərov hesabat xarakterli çıxış edib.
Gənclər və İdman Nazirliyinin rəsmisi Fərid Mansurov da boksçularımıza böyük ümidlər bəslədiklərini qeyd edib. Onun sözlərinə görə, bacardıqca çox lisenziya qazanıb, Olimpiadada inamlı çıxış vacib məsələlərdəndir. O, Olimpiya çempionu kimi, komandaya tövsiyələrini də verib.
Rövşən Hüseynov da komandamızı qarşıda ciddi sınaq gözlədiyini vurğulayıb. O bildirib ki, boksçularımız öz sözlərini deməyə davam edəcəklər: “İnanırıq ki, lisenziya turnirlərində və Tokio-2020-də qələbələrimizlə yenə xalqımızı sevindirəcəyik”.
Ardınca məşqçilər korpusu və boksçular onlara bəslənilən ümidləri doğrultmaq üçün səylə çalışdıqlarını deyiblər. Qeyd ediblər ki, bacardıqlarının maksimumunu rinqdə qoyacaqlar.
Tədbirdən sonra milli komanda ilin son məşqinə çıxıb. Abşeron Olimpiya İdman Kompleksində baş tutan təlim-məşq toplanışının axırıncı günündə boksçular əsasən bərpaedici təmrinlər yerinə yetiriblər. Onların həvəslə çalışmalarını isə baş məşqçi Umberto Orta Dominqes belə dəyərləndirib: “Milli komandanın hazırlıq səviyyəsi çox gözəl vəziyyətdədir. Birgə məşq etdiyimiz 2 ayda hər bir boksçudan razıyam. İntizam, fiziki və taktiki baxımından komandada çox böyük irəliləyiş var. Olimpiya lisenziyalı turnirə hazırlığımız yüksək səviyyədə davam edir. Məqsədimiz mümkün 8 vəsiqədən ən azı 6-nı qazanmaqdır”.
O bildirib ki, əsas hədəfi Azərbaycan yığmasına ilk qızı medalı qazandırmaqdır: “Lisenziyalara sahib olduqdan sonra Tokio Yay Olimpiya Oyunlarına tam fərqli hazırlaşacağıq. Məqsədimiz Olimpiadada Azərbaycan idman tarixində yeni səhifə açmaqdır. Boks idman növündə ilk dəfə qızıl medala sahib olmağı hədəfləmişik. Yalnız bunun üçün çalışırıq və inanıram ki, bu istəyimizi həyata keçirəcəyik”.
Millinin böyük məşqçisi Nəriman Abdullayev də hazırlığın gedişindən razıdır. Onun sözlərinə görə, yüksək səviyyədə keçən hazırlığın bəhrəsi yalnız qələbələrdir: “Yeni baş məşqçi ilə birgə əsas məqsədimiz lisenziya turnirlərində uğurlu iştirakdır. Komandamıza cəlb olunan gənc boksçular təcrübəlilərlə birgə hazırlıq keçir. Hər şey yüksək səviyyədədir. Hazırda əsasən funksional – fiziki məşqlərə diqqət yetiririk. Xarici komandalarla birgə təlim-məşq toplanışı da planlaşdırırıq. Bu da düşərgədə olan bütün boksçular yoxlamağa hesablanıb. Azərbaycan çempionatına qatılan və icazəli iştirak etməyən bütün titullu boksçular tərəfimizdən izlənilir. Onlardan hazır və güclü olanı lisenziya turnirində mübarizə aparacaq. Ümidvarıq ki, bütün gücümüzü səfərbər edib, bacardığımız qədər lisenziya qazanacağıq”.
Dünya çempionu Cavid Çələbiyev də gələcəyə nikbin baxır. O qeyd edib ki, yeni ildən və Tokio Olimpiadasından gözləntiləri böyükdür: “Təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Mən də formamı daha da artırıb, qarşıdakı yarışları qalib kimi başa vurmağı planlaşdırıram. Məqsədim yalnız inamlı çıxışdır. İnşallah, öncə lisenziya qazanıb, ardınca Olimpiya medalına sahib olaram. Hər bir idmançı kimi, məqsədim çempion adına yiyələnməkdir”.
Yığmamızın gənc üzvü Maqsud Xasmetov (52 kq) isə böyüklərdən ibarət komandaya keçdiyi üçün sevincini gizlətməyib. O bildirib ki, əsas məqsədi ona bəslənilən ümidləri doğrultmaq və qarşıdakı yarışlarda üçrəngli bayrağımızı yüksəklərə qaldırmaqdır: “Yola saldığımız ili uğurlu sayıram. Azərbaycan çempionatına ciddi hazırlaşmışdım. Çempion adına sahib oldum. Qarşıda bizi Olimpiya lisenziya turniri gözləyir. İstəyirəm ki, oraya daha yaxşı hazırlaşıb və Olimpiadada iştirak hüququna yiyələnim. Tokio Yay Olimpiya Oyunlarında da medal qazanmaq arzusundayam. Hədəfim üçün var gücümlə hazırlaşıram”.
Millimizin liderlərindən olan Alfonso Dominqes də başa çatmaqda olan 2019-cu ili dəyərləndirib. Minskdə keçirilən Avropa Oyunlarının qalibinin sözlərinə görə, il onun üçün uğurlu alınıb: “Gözəl xatirələrlə yadda qaldı. Minskdə keçirilən II Avropa Oyunlarının qızıl medalına sahib oldum. Çox gəzəl hisslər yaşadım. Bunu sözlə ifadə etmək belə çətindir. Həmçinin Yekaterinburqda təşkil olunan dünya çempionatında da iştirak etdim. Orada hər şey yaxşı gedirdi. 1/4 finaladək inamla irəliləsəm də, hakimin haqsız qərarı səbəbindən yarımfinala yüksələ bilmədim. Təbii ki, bu qarşılaşmadakı qələbə ilə ən azı bürünc medala da sahib olacaqdım”.
81 kq çəki dərəcəsində çıxış edən yığma üzvü hazırkı durumunu da dəyərləndirib: “Həm fiziki, həm də texniki baxımdan çox yaxşı formadayam. Yeni baş məşqçi Umberto Orta Dominqesin rəhbərliyi altında məşqlər çox yüksək səviyyədə keçir. Müəyyən müddətdir təlim-məşq toplanışındayıq. Hər şey yüksək səviyyədədir. İnanırıq ki, əziyyətimizin bəhrəsini görəcəyik”.
O, 2020-ci illə bağlı planlarını da açıqlayıb. Dominqesin sözlərinə görə, əsas məqsədi lisenziya qazanıb, Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan himnini səsləndirməkdir: “Lisenziya turnirlərinə çox qısa zaman qalıb. Bu yarışlarda uğurlu çıxış üçün məşqlərdə səylə çalışırıq. İnanıram ki, Olimpiadaya lisenziya qazanacağam və Tokioda da gözəl nəticə əldə edəcəyəm. Bir sözlə, Yaponiyaya medal üçün yollanacağam. Ümid edirəm ki, bunun əyarı qızıl olacaq”.
Beləliklə, boksçularımız üçün daha bir il və bir-birini əvəzləyən təlim-məşq toplanışı yekunlaşıb. İstirahətə yollanan komandamız 2020-ci il yanvarın 4-də yenidən bir araya gələcək. Amma milli zalı tərk etməmişdən həkim nəzarətindən keçib. İlin ən yaxşı iki həkimindən biri seçilən Zaur Abdullayev boksçuları yoxlayaraq, məşqçilər korpusuna hansısa ciddi problemin və zədənin olmaması barədə məlumat verib.
Qeyd edək ki, gələn il martın 13-23-də Avropa Olimpiya Təsnifat Turniri Londonda, mayın 13-24-də Dünya Olimpiya Təsnifat Turniri Parisdə keçiriləcək.