Avstriyalı mütəxəssislər cüdoçularımızdan test götürdü
- 2019-10-11 18:20
- 956
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə Avstriyanın təlimçi qrupu tərəfindən Bakıda məşq və fiziki terapiya üçün fiziki hərəkətləri seçməkdə və planlaşdırmaqda dəstək göstərən “ComplexCore+” təlimləri davam edir.
Rekord.az xəbər verir ki, ADBTİA-nın inzibati binasında keçirilən görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, akademiyanın prorektoru Təhminə Tağızadə, avstriyalı mütəxəssislər və federasiya nümayəndələri iştirak ediblər. Görüşdə "ComplexCore+" şirkətinin təlimlərinin əsas məqsədinin iştirakçıların bədən gövdəsi üçün fiziki hərəkətləri seçmək yolu ilə terapiya və məşq prosesini planlaşdırmaq bacarığını əldə etmək olduğu bildirilib.
Sonra Avstriyadan gələn mütəxəssislər tərəfindən cüdo üzrə milli komandamızın aparıcı üzvləri üçün testlər keçirilib. Cüdoçular üçün testlər iki gün davam edib. “ComplexCore+” təlimi ərəfəsində cüdoçuların əzələ funksiyaları, bədənin sabitliyi, bədən tərkibi, ürəyin funksionallığına nəzarət olunub.
Qeyd edək ki, üçsəviyyəli təlim nəzəri və təcrübi hissələrdən ibarətdi. Nəzəri hissə funksional anatomiya üzrə təməl biliklərini, fiziki məşq nümunələrini, eləcə də hərəkətin skrininqi və motor bacarıqlarının qiymətləndirilməsi kimi idman tibbinin prinsipləri üzrə ətraflı məlumatı özündə birləşdirir. Təcrübə hissəsində isə bu sistemlə tanış olmaq üçün çoxsaylı müxtəlif fiziki hərəkətlər təqdim edilir. Təlimlər avstriyalı mütəxəssis Roman Yahoda tərəfindən aparılıb.