Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatının təsnifat mərhələsinə və V İslam Həmrəyliyi Oyunlarına hazırlığını davam etdirir. "Rekord.az" xəbər verir ki, hazırda paytaxtda təlim-məşq keçən komandamızın üzvü Marqarita Stepanenko hazırlıq prosesina dair fikirlərini AVF-nin mətbuat xidməti ilə bölüşüb:

"İyunun 14-dən millinin məşqlərinə qoşulmuşam. Ayın sonunadək əsasən fiziki və fərdi şəkildə texniki hazırlığa diqqət yetirəcəyik. Məşqlərə qoşulduğum gündən etibarən çalışıram ki, tam formamı yığım.

Qarşıda bizi İslam Həmrəyliyi Oyunları və Avropa Çempionatının təsnifat mərhələsi gözləyir. Bu yarışların vacibliyini dərk edirik və çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək. Bir neçə gündən sonra təlim-məşq toplanışımızı Mingəçevirdə davam etdirəcəyik. Həmin 10 günlük hazırlıqda kollektiv məşqlərə üstünlük veriləcək. Bu toplanışdan sonra komandamızda olan çatışmazlıqları tam aydın biləcəyik. İyul ayında bir neçə aparıcı voleybolçumuzun da məşqlərə qoşulması gözlənilir. Düşünürəm ki, qarşıdakı yarışlarda uğurlu çıxış edəcək və Vətənə yaxşı nəticələrlə dönəcəyik".

Qeyd edək ki, İslam Oyunları 9-18 avqsut tarixlərində təşkil ediləcək. 2017-ci ildə Bakıda keçirilmiş sonuncu yarışın qalibi olmuş Azərbaycan millisi Türkiyənin Konya şəhərində çempion titulunu qorumağa çalışacaq. Voleybol yarışları 8-15 avqutda baş tutacaq və rəqiblərimiz hələlik bəlli deyil. Komandamız Avropa çempionatının seçmə mərhələsində mübarizə avqustun 20-də start verəcək. Sentyabrın 10-a kimi davam edəcək AVRO-2023-ü təsnifatında voleybolçularımız D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə qarşılaşacaq.