Bir neçə gün əvvəl ölkəmizi avrokuboklarda təmsil edəcək komandalara məşqlərə başlamaq üçün icazə verildi. Bu komandalar sərt karantin rejiminin tətbiq edilmədiyi bölgələrdən birinə gedərək, hazırlığa start verə bilər. Qalan 4 premyer-liqa təmsilçisi üçün isə məşq qadağası hələ də davam edir.


Bəs bu komandalar verilən qərarı haqsızlıq olaraq görürmü? Avrokuboklara gedəcək komandalardan hazırlıq baxımından geri qalacaqlarını düşünmürlər?


Elman Himayətoğlu, “Zirə”nin baş meneceri: “Təbii ki, klubların hamısına icazə verilsəydi, daha yaxşı olardı. Amma mövcud durumda bunu anlayışla qəbul etməliyik. Avrokuboklarının artıq avqustun ortalarında başlayacağı məlumdu və iştirakçı klubların hazırlığa start verməsi daha önəmlidi. Premyer-liqanın isə nə vaxt başlayacağı hələ məlum deyil. Ümid edək ki, ölkədə virusla bağlı vəziyyət yaxşıya doğru dəyişəcək və ciddi karantin müddəti başa çatandan sonra hamıya icazə veriləcək. Ümumiyyətlə, avrokubokn iştirakçılarının hazırlığa qalan klublardan daha tez başlaması normal haldı. Bu həmişə belə olub. Çünki onların iştirak edəcəyi yarış premier-liqadan daha tez başlayır. Hər bir klub hazırlıq planını iştirak edəcəyi yarışın start tarixinə uyğun qurur”.

 


Aftandil Hacıyev, “Səbail”in baş məşqçisi: “Hazırda vacib olan yeni mövsümün başlama vaxtıdı. Dörd kluba avrokuboklara hazırlıq üçün məşq keçmək icazəsi verilib. Çempionat avqustun ilk həftəsində başlayacaqsa, düşünürəm ki, AFFA qalan 4 komandanın məşq etməsi üçün də Operativ Qərargahla danışıq aparmalı olacaq. Əlbəttə, bu 4 komanda çempionat başlayanda fiziki baxımdan başqalarından geri qala bilər. Məşqlər üçün icazə verilən komandalar ölkəmizi avrokuboklarda təmsil edəcək deyə, onlar üçün daha vacib sayılır. Yenə deyirəm, ölkə çempionatının başlama vaxtı vacibdi ki, qalan komandalara hazırlıq üçün nə qədər vaxt veriləcəyi bilinsin”.

 


Elnur Həmidov, “Sabah”ın mətbuat xidmətinin rəhbəri: “Çempionatın başlayacağı tarix hələ bəlli olmadığından, bu məsələ ilə bağlı dəqiq nəsə demək mümkün deyil. Əlbəttə, biz də icazə veriləcəyi təqdirdə, məşqlərə mümkün qədər tez başlamaq istəyirik. Nə qədər tez başlasaq, bu, komandanın növbəti mövsümə hazırlığı baxımından bir o qədər xeyirli olardı. İndiki məqamda yalnız avrokubok iştirakçılarına icazə verilməsini başa düşürük. Ancaq ümid edirik ki, tezliklə qalan komandaların, həmçinin bizim də məşqlərə başlamağımıza icazə veriləcək”.

 


Elmar Baxşıyev, “Qəbələ”nin baş məşqçisi: “Yox, bunu haqsızlıq kimi qəbul etməzdim. Əlbəttə, qalan dörd komanda da məşqləri bərpa etmək istəyir. Sadəcə, nəzərə almaq lazımdı ki, icazə verilənlər avrokuboklara hazırlaşır və onlara bunun üçün şərait yaradılması başadüşüləndi”. ("Futbol plus" qəzeti)